CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızılcaya görə məktəblər bağlana bilərmi? Nazirdən açıqlama

Emin Əmrullayev qeyd edib ki, bu məsələdə şayiə və faktlar arasında qalıblar.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Məktəblərdə qızılca virusunun yayılması ilə bağlı prosesi izləyirik. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, hazırda rəqəmlər toplanır:
"Birinci əsası statistika hesab edirik. Bu, təsdiqlənmiş hallardır. Təsdiqlənmiş hallarla bağlı saylar o qədər böyük deyil. İkincisi isə daxil olan iddialarla bağlıdır".
Nazir qeyd edib ki, bu məsələdə şayiə və faktlar arasında qalıblar:
"Hazırda heç bir məktəbdə hansısa ciddi problem müşahidə etmirik. Ayrı-ayrı məktəblərdə sayların böyük olması ilə bağlı iddialar var. Bu barədə məktəb direktorlarından məlumatlar daxil olur. Məsələn, deyilir ki, 100 nəfər qızılcadır, amma bunun üçün diaqnoz qoyulmalıdır. Ən qısa zamanda peyvəndləməni sürətləndirmək lazımdır. Bu istiqamətdə Səhiyyə Nazirliyi ilə danışıqlar aparmışıq".
E. Əmrullayev deyib ki, qızılcaya yoluxma ilə əlaqədar təhlükəli vəziyyət olsa qapanmalara gedilə bilər. O bildirib ki, həm regional idarələrdən, həm Səhiyyə Nazirliyindən olan həmkarlarla birgə vəziyyəti tədqiq edirlər:
"Bizim məlumatlarla əsaslansaq, bu və ya digər müəssisədə qapanmaya getməyə hazırlaşmırıq. Amma növbəti günlərdə bu məlumatları tədqiq etdikdən sonra, hardasa təhlükəli vəziyyət yaranarsa, mütəxəssislərin rəyi və tövsiyəsi ilə hansısa məktəb və ya siniflərin distant təhsilə keçməsi istiqamətində qapanmalara gedilə bilər. Bizim belə bir səlahiyyətimiz var. Lakin hələ bu səlahiyyətimizdən istifadə etmək niyyətində deyilik".