HADİSƏ

Baş Prokurorluq Yaquar Hadıyevin ölümü ilə bağlı iddialara cavab verdi

Hər iki halda Yaquar Hadıyev müvafiq icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə səfər edərkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış mina partlayışının qurbanı olmuşdur.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Tərtər rayonunun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlunun ölümündə şübhəli məqamlar olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayılmışdır.
Süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilmiş həmin məlumatla bağlı bildirilir ki, Yaquar Hadıyevin ölümünə dair bütün təfərrüatlar hərtərəfli araşdırılmışdır.
Belə ki, cari il martın 9-da Tərtər rayonu, Çaylı kəndi ərazisində mina partlaması nəticəsində sol ayağının aşağı ətrafı travmatik amputasiya olunmuş Yaquar Hadıyev növbəti dəfə oktyabrın 6-da eyni ərazidə minaya düşərək həlak olmuşdur.
Hər iki halda Yaquar Hadıyev müvafiq icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə səfər edərkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış mina partlayışının qurbanı olmuşdur.
Prokurorluq orqanları tərəfindən aparılan araşdırma zamanı hadisə yerinə və Yaquar Hadıyevin meyitinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılmışdır.
Meyitə baxış zamanı mərhumun bədəni üzərində qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində ümumi sayı 5 ədəd olan xəsarətin əmələ gəlməsi müəyyən edilmişdir.
Qeyd olunan fatklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.