BAKI, 30 noyabr — Sputnik. ABŞ Ukraynaya qoşun yeridəcəyi təqdirdə Rusiyaya müqavimət göstərə bilməyəcək. ABŞ Ukraynaya aviasiya qrupu göndərsə belə, bunun heç bir faydası olmayacaq.
Bunu Pentaqonun keçmiş əməkdaşı, müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan bildirib.
Brayan vurğulayıb ki, ABŞ Rusiya ilə birbaşa hərbi münaqişəyə tamamilə hazır deyil, çünki o, Ukraynadakı avadanlıq və silah itkisini kompensasiya etmək iqtidarında deyil. Üstəlik, ABŞ-ın müdafiə zavodları köhnəlmiş texnologiyalara malikdir. Bundan əlavə, o, Rusiyanın hava hücumundan müdafiəsini "möhkəm", "Su-35" qırıcısını isə "yüksək səviyyəli təyyarə" adlandırıb.
"Bu ekspert, yəni Brayan təyyarələrimizi və hava hücumundan müdafiə sistemlərimizi ağıllı şəkildə qiymətləndirib. ABŞ Silahlı Qüvvələrinin imkanlarına gəlincə, nəzərə almalıyıq ki, İkinci Dünya Müharibəsindən sonra amerikalılar eyni gücə malik düşmənlə vuruşmayıblar. Ona görə də bundan qorxurlar. Onların mənəviyyatı Rusiyaya ilə qarşı-qarşıya dayanacaq qədər yüksək deyil, Ukraynada verdikləri ilk insan itkiləri isə ABŞ cəmiyyətinin vəziyyətinə çox pis təsir edəcək. Buna görə də Vaşinqton belə bir müharibədən qaçmaq üçün istənilən hiylələr axtaracaq" - hərbi müşahidəçi, ehtiyatda olan polkovnik Viktor Litovkin deyib.
Onun fikrincə, Vaşinqtonun ABŞ ordusunu Ukrayna ərazisinə daxil etməsinin mənası yoxdur: "Amerikalıların bütün ideyası ukraynalıların onlar üçün döyüşməsi və ölməsidir. Bu aydındır. Təsadüfi deyil ki, Qərb rəsmilərindən biri deyib:
"Əvvəllər heç vaxt Rusiyaya qarşı müharibə bizə bu qədər ucuz başa gəlməmişdi".
"Bəli, amerikalılar döyüşə bilərlər və əlbəttə ki, bunun üçün onların bütün imkanları var: gözəl hərbi texnika, yaxşı məktəb və təlim keçmiş qoşunlar. Bəs onlar müharibədə ölməyə hazırdırlarmı? Bəs nəyin uğrunda ölmək lazımdır? Ukrayna üçün? Heç vaxt! Mən əmin deyiləm ki, onlar hətta Birləşmiş Ştatlar uğrunda belə ölməyə hazır olacaqlar" – ekspert sözünə davam edib.
Litovkin ABŞ Silahlı Qüvvələri üçün vaxt amilinin də vacib olduğunu xatırladıb:
"2003-cü ili xatırlayın, o zaman ABŞ İraqa hücum etmək qərarına gəldilər. Altı ay ərzində onlar öz qoşunlarını Ərəbistan yarımadasının ərazisinə yığdılar: Küveytdə, Omanda, Səudiyyə Ərəbistanında və s. Amerika ordusu dünyanın hər yerinə səpələnib. Avropada olan 40 min ABŞ hərbçisi isə Rusiya ilə müharibə üçün heç bir şey deyil".