BAKI, 29 noyabr — Sputnik. Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu yenidən qurularaq bərpa olunur.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan-Kəlbəcər (9 km)-Ağdərə-Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 4,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Xatırladaq ki, oktyabrın 30-da Prezident İlham Əliyev Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 (on dörd) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.