BAKI, 28 noyabr — Sputnik. İrəvanla Bakı arasında sülh sazişinin bağlanmasının mümkünlüyü ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığında müzakirə olunub. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
O bildirib ki, ABŞ Ermənistan və Azərbaycan arasında uzunmüddətli və ədalətli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləyir.
Blinken Vaşinqtonun Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib və İrəvanla ikitərəfli əməkdaşlığı genişləndirmək üçün səyləri qeyd edib.
Xatırladaq ki, ABŞ dövlət katibi ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında da telefon danışığı olub.