BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatların və atılan addımların Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurduğunu qeyd edib.
Bəs bu telefon danışığı Azərbaycan-ABŞ münasibətlərində dönüş yarada biləcəkmi?
Mövzu ilə bağlı millət vəkili Asim Mollazadə və politoloq Zərdüşt Əlizadə Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Asim Mollazadənin fikirincə, ABŞ Azərbaycana qarşı indiyə qədər atdığı addımların, səsləndirdiyi bəyanatların yanlış olduğunu dərk etməyə başlayıb.
Onun sözlərinə görə, bu vəziyyət erməni diasporunun maraqlarına xidmət edir və ABŞ-ın milli təhlükəsizlik maraqlarına da zərbə vurur: "ABŞ geri addım atmağa və yanlışlarını etiraf etməyə məcbur oldu. Biz indi gözləyirik ki, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Brayn Bakıya gəlib nə üçün ermənilərin istəklərini yerinə yetirdiyini izah etsin. Erməni diasporunun maraqları həm ABŞ-ın, həm də Ermənistanda yaşayan ermənilərin maraqlarına ziyan vurur. Erməni diasporu Ermənistandakı ermənilərə qurbanlıq kimi baxır. ABŞ regionda öz maraqlarına uyğun seçimlər edir. Azərbaycan isə öz maraqlarına uyğun və müstəqil siyasət yürüdür".
Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Azərbaycan artıq beynəlxalq mövqeyini kifayət qədər gücləndirib. O qeyd edib ki, Azərbaycan SSRRİ-dən yenicə ayrılmış ölkə deyil ki, özünə qarşı qərəzli yanaşmaya dözsün: "ABŞ-ın Azərbaycan qarşı mövcud yanaşması qərəzlidir. Ermənistan Azərbaycan torpaqlarını 27 ildən artıq bir müddətdə işğal altında saxlayarkən ABŞ işğalçıya heç bir təzyiq göstərmirdi. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını azad edib. Bu isə ABŞ-ın qəzəbinə səbəb olub".
"Azərbaycan dünya ictimaiyyətinin gözü qarşısında ermənilərə dedi ki, Qarabağda qalın, yaşayın. Üç il dil tökdük ki, ərazidəki separatçıları tərksilah edin, dinc yolla təslim olun. Ancaq bu xoş davranışı başa düşmədilər. Qanunsuz separatist rejimi maliyyələşdirdilər. Azərbaycan öz tələblərini bütün maraqlı tərəflərin diqqətinə çatdırmışdı. Nəticə olmadığı üçün, qanunauyğun olaraq ərazilərindəki separatçıları antiterror əməliyyaltarı ilə təmizlədi. İndi bu ABŞ-ın xoşuna gəlmir, bizi hədələyir. ABŞ-ın bizi hədələməsinin mənası yoxdur. Azərbaycan ABŞ-ı tənqid edirsə, bunu haqlı olaraq edir. ABŞ klassik imperialist dövlətdir. ABŞ Ermənistana görə Azərbaycnaı itirmək istəməz. Ermənistan başqa dövlətlərin əlində alətdir. Azərbaycan bu regionda daha əlverişli və güvənilir tərəfdaş kimi qəbul edilir", - deyə politoloq bildirib.