BAKI, 28 noyabr — Sputnik. Aİ ölkələri Avropa Komissiyasından blokun 2024-2027-ci illər üçün büdcəsini artırmaq planına yenidən baxılmasını və onun 13 milyard avro azaldılmasını istəyirlər.
"Politico" iki avropalı diplomata istinadən bu barədə yazıb.
Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirmişdi ki, Avropa Komissiyası 2024-cü ildən 2027-ci ilədək AI-nin çoxillik büdcəsini yenidən nəzərdən keçirib və ölkələrə Ukraynaya kömək etmək, miqrasiya və qaçqın proqramlarının həyata keçirilməsi və birliyin rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün 66 milyard avro artırılmasını təklif edib. Bu məbləğdən qrant və kredit şəklində 50 milyard avronun yaxın 4 il ərzində Kiyevə maliyyə yardımı üçün ayrılması təklif edilir. Macarıstanın baş naziri Viktor Orban bu təklifi qeyri-ciddi adlandırıb, çünki əvvəllər Kiyevə verilən pulların hara getdiyi məlum deyil.
"Aİ ölkələri Avropa Komissiyasından ortamüddətli büdcənin, təxminən 20%, yəni 13 milyard avro artırılması layihəsini azaltmasını istəyirlər", - nəşr belə yazıb.
"Politico"nun qeyd etdiyi kimi, Almaniyanın başçılığı ilə Şərqi və Şimali Avropanın bəzi ölkələri Avropa Komissiyasının 2021-ci ildə qəbul edilmiş cari büdcədən vəsaitlərin yenidən bölüşdürülməsi hesabına bəyan edilmiş məqsədlərinin maliyyələşdirilməsini istəyirlər.
Nəşrin mənbələrindən biri bildirib ki, blok üzvlərinin əksəriyyəti Avropa Komissiyasının təklif olunan büdcə artımından bir sıra xərc maddələrini silməsi ilə razıdır.