BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda su stresinin kəskin şəkildə artması gözlənilir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xəzər Universitetinin müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru, ətraf məsələlər üzrə ekspert, tədqiqatçı Rövşən Abbasov bildirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Mərkəzinin qiymətləndirmələrinə görə, Azərbaycanda 2040-cı ilədək suya olan təlabatın kəskin artması fonunda ehtiyatlarının azalması gözlənir.
Azərbaycanda su ilə bağlı bədbin proqnoz
"Bu isə öz növbəsində ölkədə su stresinin artmasına gətirib çıxardacaq. Su stresi dedikdə, bir ölkənin malik olduğu su ehtiyatları ilə həmin ölkənin suya təlabatı arasında nisbət əsas götürülür. Azərbaycanda su stresinin kəskin şəkildə artması gözlənilir" - R.Abbasov bildirib.
Qeyd edək ki, 2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında 18-ci yerdə qərarlaşacaq. 2025-ci ilədək isə Azərbaycanın adambaşına ən aşağı təminatlı su ehtiyatlarına malik 13 ölkə arasında qərarlaşacağı proqnozlaşdırılır. Bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı "Azərbaycanda DİM-in Maliyyələşdirilməsi" ilə bağlı dərc olunan hesabatında bildirilib.
Qarqar çayın sel suları gəlib
© Sputnik / Emin Alisahib
Hesabatda, Azərbaycanda su təminatı və kanalizasiya sisteminin köhnəlmiş, səmərəsiz vəziyyətdə olduğu qeyd olunub. Həmçinin, ölkədə su paylayıcı sistemlərin köhnə olması ilə əlaqədar, təxminən 50 faizədək su son təyinat nöqtəsində itir. Bundan başqa, çirkab suların təmizlənməsində dairəvi təsərrüfat fəaliyyəti üçün böyük potensialın olduğu vurğulanıb.
Bildirilib ki, səmərəliliyi artırmaq üçün təmizlənmiş tullantı sularından kənd təsərrüfatı, enerji istehsalı, müxtəlif sənaye fəaliyyətlərində istifadə etmək olar.
Su itkiləri necə azaldılmalı?
R.Abbasov isə bildirir ki, Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxu xarici ölkələrin ərazilərində formalaşır. Kür və Arza çayı, eləcə də digər kiçik çaylar vasitəsilə Azərbaycana gəlir:
"Bu, Gürcüstan, Ermənistan və Türkiyədir. Qismən İrandan da su gəlir. Bu ölkələrlə çox aktiv şəkildə hidrosiyasət təşkil olunmalıdır. İkitərəfli danışıqlarla çayların ekoloji ehtiyaclarının ödənilməsi, həm də Azərbaycana gələcək suyun miqdarının müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atılmalıdır".
Mütəxəssis deyir ki, bundan başqa Azərbaycanda su itkilərinin azaldılması istiqamətində mühüm tədbirlər həyata keçirilməlidir. Çünki, kənd təsərrüfatında istifadə olunan suyun təxminən 50 faizə qədəri itkiyə gedir. Bu itkilər isə su ehtiyatlarımızın boş yerə sərf olunmasına səbəb olur.
Katex çayı
© Sputnik / Ibrahim Hashimov
"Su itkilərinin qarşısının alınması üçün suvarma və paylacı şəbəkələr, həmçinin torpaq kanallarımız suvarma metodlarımız yenilənməlidir. İllik orta hesabla su mənbələrindən 12 kub km su götürülür ki, bunun da rəsmi məlumata görə 4-5 kub km-i itkiyə gedir. Torpaq kanalları beton kanallarla əvəzlənməli, suvarma suyunun effektiv bazar mexanizmi yaradılmalıdır. Fermerlərin müasir suvarma üsullarına keçidi təmin olunmalıdır. Su itkilərinin qarşısı alınarsa yeni ehtiyat sular meydana çıxa bilər. Bu da su stresinin azalmasına gətirib çıxarda bilər" - R.Abbasov bildirib.
Su ehtiyatımız azalır, təlabatımız isə artır
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının dosenti Fərzəli Həsənov da Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Azərbaycanın illik suya təlabatı 12 milyard kub metrdir. Bu rəqəmin 20240-cı ilədək 14 milyard kub metrə çatacağı proqnozlaşdırılır. F. Həsənov deyir ki, Azərbaycanın illik su ehtiyatı 32 milyard metr kubdur. Son iqlim dəyişikliyi səbəbindən çaylarda su 20 faiz azalıb. İndi Azərbaycanın illik su ehtiyatı 26 milyard metr kuba enib. Ona görə də, dosentin fikrincə, problemlə üz-üzə qalmamış tədbirlər görülməlidir:
"Bu gün Azərbaycanın suya illik təlabatının 80 faizi əkin sahələrinin suvarılmasına sərf olunur. Orta hesabla biz, 96 faiz səmt suvarmasından istifadə edirik. Bu suvarma metodunda bir hektara 1000 metr kub su tələb olunur. Öz axını ilə suvarmada suyun 40 faizi itkiyə gedir. Bundan çıxış yolu üçün mütərəqqi suvarma metodlarına keçilməlidir. Bununla suvarmada itkini 50 faiz azalda bilərik. Əkin sahələrində tələb olunan suyu sahələrə çatdırmaq üçün suvarma sistemlərinin əksəriyyəti istismar müddətini başa çatdırıb. Ona görə də su kanalları bağlı sistemə keçilməlidir. Bununla su itkisini 5-10 faizə endirmək olar".
Siyəzən rayonunda suvarma mövsümü
© Photo : Azerbaijan Amelioration and Water Farm Company
F. Həsənov onu da qeyd edib ki, su ehtiyatımızı da artırmaq lazımdır.
Su anbarlarından düzgün istifadə edilməlidir
"Azərbaycanda olan 140 su anbarında səmərəli istifadə edilməlidir. Bunun üçün bu kanallar yaz fəslində doldurulmalıdır ki, yayda suvarma mövsümündə istifadə edək. Həmçinin su təlabatçılar arasında bərabər bölünməlidir. Həmçinin Qarabağın işğaldan azad olunması nəticəsində böyük potensial yaranıb. Çünki bizim ümumi su ehtiyatımızın 25 faizi Qarabağdadır. 30 ildir ki, Qarabağda istifadə etmədiyimiz su anbarlarımız bərpa olunmalıdır. Qarabağ dağlıq bölgə olduğundan, orada yeni su anbarları yaradıla bilər. Azərbaycanda mövcud olan su anbarlarında 22 milyard metr kub su yığmaq mümkündür. Bu rəqəm 30 milyarda çatdırılmalıdır ki, su böhranı ilə üzləşməyək" - o, bildirib.
F.Həsənovun sözlərinə görə, bunlarla yanaşı Bakının su təhcizatında itkilərin qarşısı alınmalıdır. Çünki, əhalinin su təchizatına böyük şəhərlərində daha çox su sərf olunur.