BAKI, 25 noyabr — Sputnik. Bakıda tikinti bazarının yanması bu cür ticarət obyektlərində yanğın təhlükəsizliyi və sığorta məsələsini yenidən aktuallaşdırıb.
Ticarət obyektlərinin yanğından mühafizəsi Allahın ümidinə qalıb
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a bildirib ki, təyinatlı obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir. Onun sözlərinə görə, bu tip obyektlərdə yanğından mühafizə üçün bütün avadanlıqlar olmalıdır. Hər gün onların saz vəziyyətdə olmasına nəzarət edilməlidir. Ticarət mərkəzlərində ehtiyat su çənlərinin olması, həmin çənlərin su ilə dolu olması mütləqdir ki, yanğın baş verən an dərhal müdaxilə etmək mümkün olsun. Həmsöhbətimiz bildirib ki, ticarət mərkəzlərinin rəhbərləri buna görə məsuliyyət daşıyırlar. O, qeyd edib ki, bunun üçün sahibkar tərəfindən işçilər aryılmalıdır.
Yanma riski yüksək olan obyektlərdə buna xüsusi diqqət yetirilməlidir. Payız-qış mövsümündə isə istiliyə olan təlabat daha da artdığından, elektrik qurğularının naqildən çıxardılmasına nəzarət edilməlidir.
E.Nurəliyev elektrik xətlərində qısaqapanmadan daha çox yanğın baş verdiyini söyləyib. Qeyd edib ki, iri ticarət obyektlərində mağaza icarədarları işdən çıxanda elektrik çaydanını, qaz sobasını, yaxud digər elektrik avadanlığını işlək vəziyyətdə qoyub gedirlər. Bu da yanğın təhlükəsini qaçılmaz edir. Ona görə də, ekspert ticarət obyektlərinə yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin təhkim edilməli olduğunu söyləyir. Bildirir ki, ticarət mərkəzlərində elektrik təsərrüfatı saz vəziyyətdə saxlanılmalıdır. Həmçinin işçilərə yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici təlimlər keçirilməlidir.
Sığorta şirkətləri riski gözə almaq istəmir
Sığorta məsələləri üzrə ekspert İlkin Nəcəfov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə obyektlər sığorta şirkətləri üçün risklidir. Çünki, bu tip obyektlərdə yanğından mühafizə standartlara uyğun deyil, bununla bağlı qaydalara əməl olunmur.
"Yanan bazar sanki zibilxanaldır. Orada heç bir yanğından mühafizə ilə bağlı qaydalara əməl edilmir. Heç bir şirkət bu tip obyektləri sığortalayıb toksik riski üzərinə götürmək istəmir" - ekspert bildirib.
İ.Nəcəfov deyir ki, iri ticarət obyektlərində həm əmlak, həmçinin də içərisindəki mallar sığortalanmalıdır ki, yanğın baş verəndə sahibkar müflis olmasın:
"Bunun üçün gərək ticarət obyektləri standartlara uyğun tikilsin. "Binə", "Sədərək", "Eurohome", "Dərnəgül" kimi tikinti materialları kimi bazarların heç biri standartlara uyğun inşa olunmayıb. Belə iri ticarət mərkəzlərində yanğınsöndürən avtomobillərin sərbəst hərəkəti üçün yollar belə mövcud deyil. Ona görə də heç bir sığorta şirkəti bu tip obyekti sığortalayıb riski öz üzərinə götürmək istəmir".
Rəsmi mühasibatlıq olmadığından mallar da sığortalanmır
Ekspert bildirir ki, sahibkarların da yadına sığorta yanğın hadisəsi baş verəndən-verənə düşür.
O ki, qaldı ticarət obyektlərində sahibkarların mallarının sığortalanmasına, İ. Nəcəfov deyir ki, bunun üçün gərək mağazalar rəsmi mühasibatlıq uçotu aparsınlar. Mağazaya hər gün gətirilən və satılan malların hesabatı dəqiq və mühasibat uçotunda öz əksini tapmalıdır ki, sığorta şirkəti həmin mağazanın mallarını rahatlıqla sığorta etsin. Çox təəssüf ki, yanan ticarət obyektində, eləcə də digər bu tip bazarlarda şəffaf mühasibat uçotu yoxdur.
Qeyd edək ki, noyabrın 23-də "Baksol taxta bazarı" adalanan ticarət obyektində yanğın hadisəsi baş verib.