BAKI, 25 noyabr — Sputnik. Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində İkinci Üzüm və Şərab Festivalının açılışı baş tutub.
Festivalın 25-26-ı noyabr tarixlərində keçirilməsi planlaşdırılıb.
15.11.23, 23:40
Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək
Noyabrın 25-26-ı tarixlərində Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində İkinci Üzüm və Şərab Festivalı keçiriləcək.
Dövlət Turizm Agentliyi xəbər verir ki, festivala hazırlıqla bağlı tədbirdə 20 şərab istehsalçısı olan müəssisələrin nümayəndələri iştirak edib. Tədbirdə şərab istehsalçılarının təqdim edəcəyi çeşidli məhsullar barədə məlumat verilib, şərabçıların yerləşmə mövqeyinə dair püşkatma mərasimi keçirilib.
Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.
İki gün davam edəcək festival çərçivəsində şərab istehsalçılarının stendləri, şərab dequstasiyaları, yarmarkalar, musiqili-əyləncəli proqramlar və müxtəlif master-klaslar təşkil olunacaq. Festival ərazisi sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonalara bölünəcək. Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, həmçinin bəyəndikləri məhsulları əldə edə biləcəklər.
Şərab festivalına qeydiyyat iticket.az saytı vasitəsilə həyata keçirilir. Ödənişsiz qeydiyyatdan keçən şəxslərin Bakıdan Meysəri kəndinə aparılıb-gətirilməsi təşkil olunacaq.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.
Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış "İter Vitis" maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.