BAKI, 25 noyabr - Sputnik. Bədən çəkisinin artması xərçəngin təxminən 13 növünün yaranması təhlükəsini yaradır.
Bu barədə "Daily Mail” nəşrinin məqaləsində deyilir.
"Artıq çəki və piylənmə xərçəngin 13 növünün yaranması riskini artırır. Bu növlər arasında bağırsağın, yumurtalığın, süd vəzinin, uşaqlığın, mədəaltı vəzinin, böyrəklərin və qida borusunun onkoloji xəstəlikləri var" - yazan “Daily Mail” aparılan geniş tədqiqatlarla bunun dəfələrlə sübuta yetirildiyini qeyd edib.
İngilis alimlərinin “ResearchGate” nəşrində dərc edilən son araşdırması artıq çəkiyə malik insanların xərçəng xəstəliyinin bir neçə növünə tutulma riskinin 23 faiz daha yüksək olduğunu açıqlayıb. Çox güman ki, artıq çəki bədəndə xərçəng şişlərinin böyüməsinə kömək edən iltihabın yaranmasına səbəb olur. Bundan əlavə, piylənmədən əziyyət çəkən insanların qanında insulinin səviyyəsi tez-tez artır. Bu hormonun xərçəng hüceyrələrinin fəaliyyətini stimullaşdırdığı məlumdur. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin həyata keçirdiyi tədqiqatın aparıcı müəllifi doktor Haynz Freislinq, ürək-damar xəstəlikləri olan insanlarda xərçəng riskinin daha çox olduğunu bəyan edib.
ABŞ-dan olan elm adamları da analoji qənaətə gəliblər. Onlar 11 il ərzində bədən çəkisi indeksi normadan artıq (18,5-dən 25-dək) olan 577 343 şəxs üzərində müşahidə aparıblar və piylənmənin uşaqlıq, yumurtalıq, süd vəzi, mədəaltı vəzi və qalxanabənzər vəzi, böyrək, bağırsaq və qida borusu xərçəngi daxil olmaqla, təxminən 13 növ onkoloji xəstəliyə yol açdığını aşkarlayıblar.
Aparılan tədqiqatın nəticələri “BBC Medicine” jurnalında dərc edilib.