XİN: Azərbaycan vətəndaşları Aİ ölkələrinə viza müraciətləri zamanı çətinliklərlə üzləşir

2022-ci və 2023-cü il noyabrın 15-dək olan statistik göstəricilərə istinad edilərək, Azərbaycan Respublikası və Avropa İttifaqı vətəndaşları arasında qarşılıqlı səfər sayında ciddi artımın olduğu vurğulanıb.
Sputnik
BAKI, 24 noyabr - Sputnik. Azərbaycan və Avropa İttifaqı vətəndaşları arasında qarşılıqlı səfər sayında artım olub.
Bu barədə noyabrın 23-də Bakı şəhərində keçirilən Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclasında məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycan Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, eləcə də Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Baş Direktorluğunun nümayəndələri, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları və Avropa İttifaqı üzv dövlətlərinin ölkədə akkreditə olunmuş diplomatik missiyalarının konsulları da iştirak edib.
Tərəflər 2013-cü il noyabrın 29-da imzalanmış “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin müddəalarından irəli gələn sadələşdirilmələrin tətbiqi mexanizmləri və Avropa İttifaqı ilə ölkəmiz arasında bu sahədə faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini əhatə edən mövzular ətrafında konstruktiv və ətraflı müzakirələr aparıblar.
2022-ci və 2023-cü il noyabrın 15-dək olan statistik göstəricilərə istinad edilərək, Azərbaycan Respublikası və Avropa İttifaqı vətəndaşları arasında qarşılıqlı səfər sayında ciddi artımın olduğu vurğulanıb.
İclas zamanı həmçinin Azərbaycan vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.