HADİSƏ

İtaliya yığmasının sabiq futbolçusu Balotelli yol qəzası keçirib

Mediada yayılan videolarda Balotellinin hadisə yerindən təcili yardıma aparıldığı görünür.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Türkiyənin "Adana Dəmirspor" klubunun italyan futbolçusu Mario Balotelli İtaliyada avtomobili ilə qəza törədib.
Hadisə cümə günü gecə İtaliyanın Breşia şəhərində baş verib. Mediada yayılan videolarda Balotellinin hadisə yerindən təcili yardıma aparıldığı görünür. Yerli polis məmurunun sözlərinə görə, Balotelli qan alkoqol testindən imtina edib. Qəza nəticəsində futbolçunun özünün xəsarət almadığı bildirilir.
33 yaşlı futbolçunun "Adana Dəmirspor"la hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm türk klubunda 5 oyun keçirib, 3 qol vurub.
Forvard əvvəllər İtaliyanın "İnter" və "Milan", İngiltərənin "Mançester Siti" və "Liverpul", Fransanın "Nitsa", "Montse" və "Marsel", həmçinin İtaliyanın "Breşiya" və İsveçrənin "Sion" klublarında çıxış edib. Balotellinin aktivində İtaliya millisinin tərkibində 36 matçda 14 qol var.