PAYTAXT XƏBƏRLƏRİ

Bakıda daha bir avtobusda gediş haqqı bahalaşdı?

592 saylı avtobus 149 saylı məktəb istiqamətində hərəkət edən ən ucuz nəqliyyat vasitəsi olduğundan, ərazidə yaşayan əksər valideynlər bu avtobusdan istifadə edir.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Bu günlərdə gediş haqqı nağdsız ödənişə keçən avtobuslarda gediş haqqının bahalaşdığı barədə məlumat yayılıb. Sərnişinlərin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, kart sisteminə keçiddən əvvəl gediş haqqı 40 qəpik olsa da, nağdsız ödəniş tətbiq ediləndən 592 saylı avtobusda gediş haqqı 50 qəpik olub.
Aytac Muradova adlı Binəqədi qəsəbə sakini bildirib ki, uşaqlarını hər gün bu avtobusla məktəbə aparıb gətirir. O, bir neçə gün əvvəl 40 qəpik ödədiyi avtobusa hazırda kartla 50 qəpik ödəyir.
"Bunun səbəbini bilmirik. Hər gün iki uşağı məktəbə aparıb-gətirirəm. Əvvəl iki məktəbliyə və özümə 2 manat 40 qəpik yol pulu çıxırdı. İndi gediş haqqına xərcimiz 3 manat olub. Cəmi üç dayanacaq yol getsək də, kartdan 50 qəpik gediş haqqı çıxır".
Valideyn bildirib ki, 592 saylı avtobus 149 saylı məktəb istiqamətində hərəkət edən ən ucuz nəqliyyat vasitəsi olduğundan, ərazidə yaşayan əksər valideynlər bu avtobusdan istifadə edir.
Sputnik Azərbaycan Abşeron rayonunun Xırdalan şəhəri ilə Gorədil qəsəbəsi istiqamətində sərnişin daşıyan 592 saylı avtobusda nağdsız ödənişə keçiddən sonra qiymət artımının səbəbini araşdırıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Azərbaycan Respublikasının Tarif Şurasının 31 yanvar 2023-cü il tarixli 1 nömrəli Qərarına uyğun olaraq, 592 nömrəli şəhərətrafı müntəzəm marşrutun dövrün uzunluğunun yarısı 23.75 km təşkil etdiyindən gediş tarifi 0.50 manatdır. Nağdsız ödənişə keçməzdən əvvəl də sözügedən marşrutda gediş haqqı 0.50 manat olub.
592 saylı avtobusun sürücüləri də Sputnik Azərbaycan-a bildiriblər ki, əvvəl gediş haqqı 50 qəpik olsa da, sərnişinlər yaxın məsafəyə bu məbləği ödəmədiklərindən daşıyıcının tövsiyyəsi ilə sərnişinlərə güzəşt edilib. Hazırda isə karts sisteminə keçid edildiyindən gediş haqqı 50 qəpikdən hesablanır.
Sərnişinlər isə 592 saylı avtobusda indiyədək gediş haqqının 40 qəpik olduğunu əks etdirən tablo asıldığını, qiymətin karts sisteminə keçdikdən sonra artdığını söyləyiblər.
Qeyd edək ki, bir neçə gün öncə 592 saylı avtobusda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb.