CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ucarda heyvanların zəhərlənməsinin ilginc səbəbi - Fermerlər narazıdır - Foto

Ucarlı fermerlər iddia edirlər ki, bir gündə 26 baş heyvanın həmişə su içdiyi sudan zəhərlənib ölməsi mümkün deyil.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Ucarın Yuxarı Şilyan kəndində mal-qaranın kütləvi ölüm səbəbi bəlli olub. Bu barədə Sputnik Azərbaycan-a fermerlər məlumat veriblər.
Noyabrın 1-də baş vermiş hadisə zamanı üç baş iribuynuzlu malını itirən Yemilxan Əhmədov Sputnik Azərbaycan-a bildirib ki, 22 gündən sonra Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin Mərkəzi Aran regional bölməsindən fermerlərə laborator müayinələrin nəticələri təqdim olunub. Həmin cavabda qeyd olunub ki, patoloji materiallarda Cl. perfiringens (patogen və toksigen xüsusiyyətlərə malik bakteriya növü) aşkar edilib. Heyvanların suvarılması üçün istifadə edilən sudan götürülmüş nümunələrin analiz nəticələrinə əsasən isə göstərilən suyun mikrobioloji çirklənməyə məruz qaldığı aşkarlanıb.
Sənəd
Zərərçəkmiş bu iddia ilə razılaşmadığını bildirib:
"Necə oldu ki, bir gündə 26 baş heyvan həmişə su içdiyi sudan zəhərlənib murdar oldu?! Heyvanların suvarıldığı su axmaz deyil, göl deyil, axar sudur. Oradan su içən heyvanın zəhərlənməsi mümkünsüzdür. Biz bu nəticə ilə razılaşmırıq. Əgər problem sudadırsa, onda bəs heyvanlarımız indi niyə ölmür? İndi də heyvanlar həmin sudan içirlər axı. Bu, boş söhbətdir. Bizə kompensasiya verməmək üçün qurulan oyundur. Biz bu işi belə qoymayacağıq, aidiyyatı qurumlara şikayət edəcəyik ki, heyvanların ölüm səbəbi düzgün araşdırılsın".
Y.Əhmədov həmçinin bildirib ki, onun təsərrüfatında olan dörd baş heyvandan üçü tələf olub.
Ucarın Yuxarı Şilyan kənd sakini Amil Rəhimov Sputnik Azərbaycan-a bildirib ki, cəmi dörd baş iribuynuzlu malından ikisi zəhərlənərək ölüb. O, da heyvanların ölüm səbəbi ilə bağlı analizlərin nəticələrinin düzgün olmadığını iddia edib. Bildirib ki, heyvanlar otlaqda ot yedikdən sonra zəhərlənib. Həmin əraziyə hansı maddənin səpildiyi araşdırılmalıdır.
Qeyd edək ki, noyabrın 1-də rayonun Yuxarı Şilyan kəndindən iribuynuzlu heyvanların kütləvi şəkildə tələf olması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzinə məlumat daxil olub. Məlumat əsasında əraziyə baxış keçirilib. Baxış zamanı 15 mülkiyyətçiyə məxsus 26 baş iribuynuzlu heyvanın tələf olması məlum olub. Tələf olmuş iribuynuzlu heyvanlardan 23 başının gecə saatlarında, 3 başının isə səhər saatlarında zərərsizləşdirilməsi təmin olunub. Eyni amanda 8 baş iribuynuzlu mal-qaranın gecə saatlarında müalicə olunması təmin olunub. Həmin gün tələf olan heyvanları otaran kənd sakini deyir ki, bir neçə gün əvvəl də kənddə belə hadisə baş verib və bir iribuynuzlu heyvan tələf olub.