DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə İsveçin NATO üzvlüyü vaxtı ilə bağlı heç bir öhdəlik götürməyib

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun təsdiqlənməsi haqqında qanun layihəsinin müzakirəsini təxirə salıb.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Türkiyə İsveçin NATO-ya üzvlüyünün təsdiqinin vaxtı ilə bağlı heç bir öhdəlik götürməyib, bununla bağlı spekulyasiyalar qəbuledilməzdir. bu barədə Türkiyə prezident administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib.
"Reuters" daha əvvəl bildirmişdi ki, Türkiyə rəsmiləri NATO-ya İsveçin üzvlük ərizəsini alyansın xarici işlər nazirlərinin noyabrın 28-29-da Brüsseldə keçiriləcək görüşünə qədər ratifikasiya edə bilməyəcəkləri barədə məlumatlandırıblar.
"Biz müddətlə bağlı heç bir öhdəlik götürməmişik, məsələ Böyük Millət Məclisinin müvafiq komitəsində hərtərəfli nəzərdən keçirilir və müzakirə olunur. Bu prosesdə son söz Türkiyə parlamentində olacaq. Bununla bağlı spekulyasiyalar qəbuledilməzdir", - agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun təsdiqlənməsi haqqında qanun layihəsinin müzakirəsini təxirə salıb. Oktyabrın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokol imzalamışdı.
Finlandiya və İsveç 2022-ci ilin mayında Ukraynada baş verən hadisələr fonunda NATO-ya üzv olmaq üçün ərizə təqdim ediblər. Finlandiya aprelin 4-də alyansın 31-ci üzvü olub. İsveçin müraciəti hələ də Macarıstan və Türkiyə tərəfindən yekun təsdiqini almayıb. İsveç Avropa İttifaqının üzvü kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlarda ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə kömək etməyə razılaşıb. Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, İsveçin NATO-ya qəbulu və Türkiyənin Aİ-yə qəbulu məsələləri bir-biri ilə əlaqəli deyil". Avqust ayında o, İsveçin bu payızda alyansa qoşulacağına inandığını söyləyib.