RUSİYA

Peskov: danışıqlarla bağlı təzyiqi dialoqdan imtina etməyən Rusiyaya göstərmək lazım deyil

Kremlin sözçüsü xatırladıb ki, Rusiya danışıqlar prosesindən heç vaxt imtina etməyib.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Rusiya heç vaxt Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlardan imtina etməyib.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin nümayəndəsi əminliklə bildirib ki, Rusiya Federasiyasına təzyiq etməyin mənası yoxdur. Danışıqlar prosesindən başqaları imtina ediblər.
"Rusiya heç vaxt danışıqlardan imtina etməyib. Ona təzyiq göstərməyə ehtiyac yoxdur. Başqaları dialoq qurmaqdan imtina ediblər. Əgər təzyiq göstərəcəksinizsə, o zaman təzyiqi onlara göstərmək lazımdır" - Rusiya prezidentinin mətbuat katibi fikrini yekunlaşdırıb.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyəti faciə adlandırıb. Rusiya lideri xatırladıb ki, Zelenskinin özü hər hansı danışıqları qadağan edən fərman imzalayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.