BAKI, 22 noyabr — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Pakistan vətəndaşı Azərbaycan-Gürcüstan sərhədini pozarkən saxlanılıb
© Photo : State Border Service
Noyabrın 21-də saat 18:15-də Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşı 2001-ci il təvəllüdlü Azan Sohail Muhammad Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, noyabr ayının 20-də saat 17:16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisədə yükün olması müşahidə edilib.
Sərhəd naryadı tərəfindən "Dayan!" əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, üzərlərindəki yükü ataraq əlverişsiz hava şəraitindən və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.
Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çəkisi 95 kiloqram 100 qram narkotik vasitə (10 kq 100 qr metamfetamin, 85 kq tiryək) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.