TƏHSİL

Coğrafiya İnstitutunun konfransına təqdim edilən bəzi məqalələr plagiat olub

Zaur İmrani deyib ki, doktorantlara, dissertantlara internet məlumatlarından istifadə edərkən diqqətli olmalı olduqları bildirilməlidir.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. "Coğrafiya İnstitutunun keçirdiyi elmi-praktiki konfransa təqdim olunan bir sıra məqalələrin plagiat olduğu aşkarlanıb".
Bunu Coğrafiya İnstitutunun direktor müavini Zaur İmrani "Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası" mövzusunda keçirilən II Beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, sözügedən məqalələr hələ rəyə verilmədən plagiat olduğu aşkarlanıb və qarşısı alınıb: "Plagiatlıq çox pis haldır. Doktorantlarımıza, dissertantlarımıza internet məlumatlarından istifadə edərkən diqqətli olmalı olduqları bildirilməlidir".
Xatırladaq ki, "Elm haqqında" qanuna görə, elmi plagiat – müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etməkdir.
Elmi dərəcələr və elmi adlar ömürlük verilir. Elmi dərəcələrdən və elmi adlardan məhrumetmə elmi etikanın, müdafiə prosedurunun pozulduğu və elmi plagiat aşkar edildiyi hallarda müvafiq orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.