BAKI, 22 noyabr — Sputnik. Kreml Ermənistanın noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak etməyəcəyinə təəssüflənir və İrəvanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyinə ümid edir. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Təəssüf ki, sabah Ermənistan bu sammitdə yüksək səviyyədə iştirak etməyəcək. Biz işçi, ekspert səviyyəsində iştiraka ümid edirik. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik" - Peskov deyib.
Bir gün əvvəl məlum olmuşdu ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Minskdə KTMT çərçivəsində keçiriləcək görüşlərdə iştirak etməyəcək.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan belaruslu həmkarı ilə söhbətində bildirib ki, o, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və katiblər şuralarının birgə iclasında iştirak edə bilməyəcək.
Noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan da Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlayıb.