TƏHLİL

Aİ-nin Ermənistanla imzaladığı saziş Cənubi Qafqaza nə vəd edir?

Politoloq hesab edir ki, bütün bunlar regionda sülhün bərqərar olmasına mane olan məsələlərdir.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Avropa İttifaqının Ermənistandakı missiyasının statusu haqqında saziş imzalanıb. Sazişi Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıblar.
Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan qeyd edib ki, mandatın dəyişdirilməsindən danışmaq hələ tezdir, söhbət sayın artırılmasından və imkanların gücləndirilməsindən gedir.
Bəs Aİ missiyasının regionda genişlənməsi mövcud vəziyyətə hansı təsiri göstərəcək? Aİ-nin regionda hərbi mövcudluğu nə vəd edir?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Samir Hümbətov Sputnik Azərbaycan-a danışıb.
Millət vəkili Arzu Nağıyev bildirib ki, belə bir sazişin imzalanması Azərbaycan üçün yenilik deyil: "Bir tərəfdən Aİ Ermənistanla mülki missiya adı altında saziş imzalayır, digər tərəfdən Fransa Ermənistanda hərbi mövcudluğunu genişləndirir. Btüün bunlara diqqətlə baxdıqda görərik ki, son sazişlə "mülki missiya"nın Ermənistandakı fəaliyyətinin leqallaşdırılması həyata keçirilir. Bu saziş Aİ missyasının bölgədə mövcud olma səbəbi və məqsədini özündə əks etdirir".
Arzu Nağıyev hesab edir ki, bütün bunlar regionda sülhün bərqərar olmasına mane olan məsələlərdir:
"Son iki ayda Azərbaycan və Ermənistan arasında tam atəşkəsə nail olunub. Bu vəziyyət Qərb ölkələrini narahat edir. Çünki Azərbaycan və Ermənistan arasında problemlərin həllini tapması Qərbin bölgədəki mövcudluğunu sual altına qoyur. Qərb ölkələri bu gün Paşinyan hakimiyyətinə hamilik etsələr də, bunun əsas məqsədinin Ermənistanla yox, Qərbin öz məqsədləri ilə bağlı olduğunu anlamaq o qədər də çətin deyil. Qərb bu gün müxtəlif regionlarda Rusiya ilə qarşı-qarşıyadır. Görünən odur ki, Qərb Rusiyanı Cənubi Qafqazdan təcrid etmək üçün indi də Ermənistandan istifadə edir".
Politoloq Samir Hümbətovun sözlərinə görə, Aİ ilə Ermənistanda imzalanmış yeni saziş regionumuza yeni problemlərin gətiriləcəyindən xəbər verir. Samir Hümbətov qeyd edir ki, Aİ-nin mülki missiyasının Azərbaycanın razılığı olmadan qanunsuz olaraq regiona gətirildiyini nəzərə almaq lazımdır.
Onun sözlərinə görə, bir dövlətin sərhədinə missiya göndərilirsə, bununla bağlı qarşı tərəfin də icazəsi alınmalıdır:
"Aİ görünür buna ehtiyac duymur və bunu etməməklə yanaşı Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesində aktiv rol almaq niyyətini bəyan edir. Əslində isə Aİ-nin regionda sülhə yönəlik çağırışları iki başlı siyasəti də özünü aşkar şəkildə göstərir. Aİ missiyasının Ermənistanda genişləndirilməsi Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə problemlər yaratmaqla yanaşı, Ermənistan-Rusiya münasibətlərinə də təsirsiz ötüşməyəcək".
Politoloq qeyd edir ki, Ermənistan Rusiyanı qıcıqlandırma xəttini hələ davam etdirəcək:
"Hesab edirəm ki, bu addımlar çox ciddi və ağır nəticələr verəcək. Bütün bu davranışlar həm də Aİ-nin Azərbaycan-Ermənistan arasındakı sülh danışıqları prosesində vasitəçilik missiyasına son qoya bilər".
Politoloq hesab edir ki, Avropanın vasitəçiliyi olmadan prosesin davam etdirilməsi mümkündür və son addımlar bu vasitəçilikdən imtina edilməsini qətiləşdirir: "Əgər proseslər nizamlanma regionda arzulolunmaz proseslər baş verə bilər. Regionda Rusiya amilinə qarşı sərgilənən mövqe Ermənistan üçün yaxşı heç nə vəd etmir".