SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət edib

Müraciətin mətnini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Sputnik
BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
- Hörmətli konfrans iştirakçıları,
Hörmətli xanımlar və cənablar,
Sizi “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram. Müxtəlif qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıya toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəkləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır.
Azərbaycanda tarixən qadına göstərilən hörmət, qadın adının uca tutulması xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biridir. Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərinin həll edilməsinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfəsini vermişdir.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırmış, xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparmışdır. Bu xüsusda, qadın və kolonializm mövzularının bir araya gətirilməsi, dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbidir. XXI əsrdə qadınların təəssüf ki, hələ də koloniyalarda köləliyə və istismara məruz qalması fundamental insan hüquqlarından məhrum olması deməkdir.
Azərbaycan kolonializmin hələ də davam etməsindən, xüsusilə koloniyalarda qadın və uşaqların hüquqlarının kobud şəkildə pozulmasından olduqca narahatdır. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.
Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur.
Mən, Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalamışam. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır.
1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir.
BMT BA 20-dən artıq qətnamə qəbul edərək Qəmərin Mayot adası üzərində suverenliyini təsdiq edib. BMT həmçinin Fransa hökuməti tərəfindən Qəmər arxipelaqının Mayot adasında təşkil edilmiş referendumları pisləyib və etibarsız hesab edib. Eyni zamanda Qəmər arxipelaqının Mayot adasında bundan sonra Fransa tərəfindən hər hansı digər formada referendum və ya məsləhətləşmələr təşkil edilməsini, adıçəkilən adada istənilən formada Fransız müstəmləkəçiliyini leqallaşdıran hər hansı bir xarici qanunu rədd edib. Həmin qətnamədə BMT Mayot adasının Fransa tərəfindən işğalını BMT-nin üzvü olan Qəmərin milli birliyinə kobud qəsd kimi qiymətləndirilib. BMT BA-nın çoxsaylı qərarlarına baxmayaraq, Fransa beynəlxalq hüququ kobud şəkildə pozaraq Mayot adasında bundan sonra da referendumlar keçirib. Bu səbəbdən referendumların nəticələri qeyri-qanunidir.
BMT ilə yanaşı Afrika İttifaqının İcraedici Şurası və İslam Əməkdaşlıq Təşkilatı da Mayot adasının Qəmərə aid olması ilə bağlı qərarlar qəbul edib. Beynəlxalq təşkilatların və beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Fransa 2003-cü ildə Mayotu öz konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının ultra-periferik bölgəsi olmuşdur. Mayota Aİ-nin ultraperifirik bölgəsi statusunun verilməsi faktı Mayotun Fransanın tərkib hissəsi kimi tanınmasıdır.
Göründüyü kimi Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb. Bu açıq-aşkar işğal və anneksiyadır.
Əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin, Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr etməkdə davam edir, burada stabilliyin əldə edilməsinə maneə olur. Fransa kolonializmi barədə Dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur.
Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir.
Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır.
Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik, ksenofobiya və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu cür narahatedici və təhlükəli meyllərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır.
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir. Sizin 2023-cü ilin 6 iyul və 20 oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısı zamanı, həmçinin cari ilin 22 sentyabrında Nyu-Yorkda BMT BA-nın qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir.
Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda, BMT Baş Assambleyasının 4-cü Komitəsinin fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində mübarizə daha da canlandırılmalıdır. Qadınların rolu daha da gücləndirilməli, onların dekolonizasiya yolunda mübarizəsinə daha güclü dəstək verilməlidir.
Bugünkü konfrans kolonializm, onun fəsadları və neokolonializmlə mübarizə ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi üçün əlverişli fürsətdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə “kolonializmdən azad dünya” miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm.
***
Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda konfrans keçirilir.
Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.
Konfransda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, rəsmi şəxslər, xarici qonaqlar və ekspertlər iştirak edirlər.