BAKI, 21 noyabr — Sputnik. Müasir dünyada insan hüquqlarının müdafiəsinin dərin böhranı kollektiv Qərb ölkələrinin dövlətlərin suverenliyini məhv etmək və öz hökmranlıqlarını təmin etmək üçün insan hüquqları doktrinasından istifadə etmək cəhdlərinin nəticəsidir. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Rusiya Federasiyasının Prezidenti Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin imzalanmasının 75-ci ildönümünə həsr olunmuş konfransın iştirakçılarına müraciətində qeyd edib ki, müasir dünyada insan hüquqlarının müdafiəsinin əsas məsələləri üzrə hərtərəfli və konstruktiv dialoq aparılır, çünki bu sahədə ciddi ziddiyyətlər yaranıb.
Rusiya prezidenti təəssüflə bildirib ki, Donbass və Novorossiyada münaqişənin bütün tarixi boyu insan hüquqlarının təminatı və təşviqi ilə məşğul olan beynəlxalq qurumlar - BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa Şurası və digər qurumlar öz qərəzlərini və onların üzləşdiyi problemləri həll etməkdə aciz olduqlarını nümayiş etdiriblər.
"Onların aşkar qərəzliliyini nəzərə alaraq, Rusiya insan hüquqları sahəsində öz öhdəliklərini ciddi şəkildə yerinə yetirməkdə davam etməklə bu strukturlara üzvlükdən imtina etməyə məcbur olub", - dövlət başçısı qeyd edib.
Putinin sözlərinə görə, bu gün beynəlxalq ictimaiyyətdə fundamental dəyişikliklər tələbi artıq formalaşıb. "İnsan hüquqlarının həyata keçirilməsində qarşılıqlı hörmətə əsaslanan və dövlətlərin mədəni və tarixi inkişafının xüsusiyyətlərini nəzərə alan ədalətli yanaşmanın təmin edilməsinə ehtiyac var. Bu məqsədə nail olmaqda vətəndaş cəmiyyəti institutları mühüm rol oynamalıdır", - Rusiya prezidenti qeyd edib.
O, hazırkı konfransın insan hüquqları sahəsində problemlərin həllinə və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.