İQTİSADİYYAT

Bakıda İqtisadi Forum keçirilir

Tədbirdə təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində "yaşıl enerji" bağlılığı mövzularında müzakirələr aparılacaq.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində İqtisadi Forum işinə başlayıb.
SPECA 2023 İqtisadi Forumda iştirakçı dövlətlərin ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o cümlədən Proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə edilir.
"SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi" başlığı altında İqtisadi Forumun keçirilməsində məqsəd proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsidir.
Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qazaxıstanın iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Kanatbek Abdrahmanov, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda, Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Badriddin Abidov, Türkmənistanın BMT-dəki daimi nümayəndəsi, səfir Atageldi Haljanov, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitry Mariyasin, BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin müavini Hirohito Toda və Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edirlər.
Tədbirdə təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində "yaşıl enerji" bağlılığı mövzularında müzakirələr aparılacaq, yeni çağırışlar fonunda Orta Dəhlizin artan əhəmiyyətinə diqqət yetiriləcək..
Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.