AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın hansı əraziləri xüsusi mühafizə olunur?

Nazir müavini bildirib ki, hazırda Azərbaycanda 10 milli park, 10 təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı var.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. "Hazırda Azərbaycan ərazilərinin 10 faizdən çoxu xüsusi mühafizə olunur".
Bunu Qızılağac Milli Parkında keçirilən "Flaminqo festivalı"nda jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, festivalın əsas məqsədi nadir heyvanların mühafizəsinə cəmiyyətin diqqətinin artırılması, flora və fauna növlərinin qorunmasına yönəlib: "Bu, Azərbaycanda ilk festivaldır ki, nadir canlıya həsr olunub. Azərbaycanda 1989, 2003, 2023-cü illərdə nəşr olunan hər üç "Qırmızı kitab"a adı salınan nadir quşlardan biri də flaminqodur".
Nazir müavini bildirib ki, hazırda Azərbaycanda 10 milli park, 10 təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı var və onların ərazisi xüsusi mühafizə olunur.
V.Kərimov onu da vurğulayıb ki, bu il Hirkan Milli Parkının Azərbaycan hissəsi UNESCO-nun ümumdünya irs siyahısına salınıb, yeni ərazilərin bu siyahıya salınması yönündə işlər davam etdirilir: "Bu, çox böyük uğurdur. Yeni təbiət ərazilərimizin də UNESCO-nun siyahısına salınması ilə əlaqədar işlər davam etdirilir".
Qeyd edək ki, bu gün Lənkəranda Qızılağac Milli Parkında ilk dəfə olaraq "Flaminqo festivalı" keçirilir.