BAKI, 21 noyabr - Sputnik. "ABŞ Azərbaycanın müstəqilliyini, 44 günlük müharibədə qələbəsini qəbul edə bilmir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Deputat bildirib ki, biz müharibəni kişi kimi apardıq, heç bir mülki şəxsin burnu da qanamadı:
"ABŞ əvvəl sülh müqaviləsinin imzalanmaması üçün Fransanı qabağa verirdi. İndi belə qərar ona görə qəbul olunur ki, Azərbaycanın müstəqilliyini, 44 günlük müharibədə qələbəsini qəbul edə bilmirlər. İndi görür Fransa bacarmır, özü düşüb ortaya. Azərbaycan Prezidentinin müstəqil siyasət yürütməsini qəbul edə bilmirlər. Onlar qəbul edə bilmirlər ki, biz Türkiyə ilə Şuşa Bəyannaməsi imzalamışıq".
Deputat bildirib ki, Ermənistan bizə milyardlarla ziyan vurub: "Heç bir dövlət işğal illəri ərzində Ermənistana bir dənə sanksiya tətbiq etmədi, əksinə, indi biz belə təhdidlərə məruz qalırıq".
Qeyd edək ki, Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edəcək.