BAKI, 20 noyabr — Sputnik. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib. BELTA xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.
Kollektiv Təhlükəsizlik Şurasının ötən ilin noyabr sessiyasının qərarlarının icrası ilə bağlı tədbirlər planının icrası və Belarusun prioritet istiqamətləri məsələsinə toxunan Tasmaqambetov 34 tədbirdən 32-nin yerinə yetirildiyini vurğulayıb.
"Təəssüf ki, iki fəaliyyət icra edilə bilmədi. Bunlar, ilk növbədə, ATƏT kimi Avropanın beynəlxalq təşkilatları ilə beynəlxalq əlaqələrimizlə bağlıdır. Bu onların mövqelərinə görədir. İkinci məsələ isə Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımla bağlı qərarın yekunlaşdırılması ilə bağlı sərəncamıdır. Erməni tərəfi bu sənədə heç bir maraq göstərmədi və üstəlik, işimizin yekun hissəsində onun ümumiyyətlə gündəmdən çıxarılmasını xahiş etdi", - KTMT-nin baş katibi bildirib.
2022-ci ilin noyabrında KTMT-nin İrəvanda keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımla bağlı birgə tədbirlər haqqında qərar layihəsini imzalamaqdan imtina edib. KTMT-nin o zamankı baş katibi Stanislav Zas bildirib ki, sənəd ümumilikdə razılaşdırılıb, lakin bir sıra məqamlar üzrə qərar layihəsi yekunlaşdırılmalıdır.
Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlamışdı.
Daha sonra Paşinyan ölkə parlamentində bəyan edib ki, KTMT öhdəliklərinə zidd olaraq Ermənistanın təhlükəsizliyinə təhdidlərə lazımi cavab verməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.