İQTİSADİYYAT

Yumurta bahalaşıb - Səbəb nədir?

M.Həsənli vurğulayıb ki, əhalinin istehlak etdiyi gündəlik yumurta tələbatı 3-3,5 milyon ədəddir. Gündəlik yumurta istehsalımız isə 4,6 milyon ədəddən çoxdur.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Keçən ay ölkədə yumurtanın qiymətində kəskin artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən yumurtanın istehlak qiyməti 8,7 faiz bahalaşıb.
Bəs, aylıq bahalaşmanın səbəbi nə ola bilər?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a bildirib ki, yumurtada aylıq bahalaşmanın səbəblərindən biri ixracda ciddi artım ola bilər:

"Xaricdə yumurtanın qiyməti bahalaşıb. Ona görə də yerli sahibkarlar daha baha qiymətə xaricə məhsul satmaq istəyə bilər. Bu zaman qiymət müəyyən qədər qalxa bilər lakin bunun bazara ciddi təsir edəcəyini düşünmürəm".

Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli
O qeyd edib ki, illik müqayisədə isə yumurtanın qiymətində 1-2 qəpik ucuzlaşma var:
"Hazırda ağ toyuq yumurtasının 1 ədədinin topdansatış qiyməti 14 qəpikdir".
"Təklif tələbi üstələyir"
M.Həsənli vurğulayıb ki, Azərbaycanda yumurta qıtlığı yoxdur:

"Əhalinin istehlak etdiyi gündəlik yumurta tələbatı 3-3,5 milyon ədəddir. Gündəlik yumurta istehsalımız isə 4,6 milyon ədəddən çoxdur. Yəni təklif tələbi üstələyir. Yaxın aylarda yumurtanın qiymətinin qalxmasını gözləmirəm. Yumurtanın ucuzlaşma ehtimalı isə yoxdur".

"Yaxın zamanda Rusiyaya yumurta ixrac etməyi də planlaşdırırıq",-deyə o əlavə edib.
"Toyuq ətinin topdansatış qiyməti 4,40-4,60 manatdır"
Toyuq əti, arxiv
M.Həsənli toyuq ətinin qiymətindən də danışıb:

"Hazırda toyuq ətinin qiymətində dəyişiklik yoxdur. Keçən ay toyuq ətinin qiyməti illik müqayisədə 5 faiz ucuz olub. Hazırda 1 kiloqram toyuq ətinin topdansatış qiyməti 4,40-4,60 manatdır".

Azərbaycanda yumurta istehsalı artır
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 1,6 milyard ədəd yumurta istehsal olunub. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə yumurta istehsalı 11,9 faiz artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycanda meyvə, tərəvəz və yumurta ucuzlaşıb - Qiymətlər