BAKI, 17 noyabr — Sputnik. Elektron Təhlükəsizlik Xidməti ƏDV-nin geri alınması ilə bağlı yaradılmış saxta veb-səhifə barədə xəbərdarlıq edir.
Xidmətdən bildirilib ki, kiberdələduzlar tərəfindən "www.edv-geri.com" adı altında saxta veb-səhifə yaradılıb. Veb-səhifə vasitəsilə vətəndaşlardan ilk növbədə FİN kodlarını daxil etmək tələb olunur.
Daha sonra vətəndaşa onun hesabında müəyyən məbləğdə ƏDV yığıldığı göstərilir. Həmin məbləği əldə etmək üçün növbəti mərhələdə bank kartı məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara diqqətli olmağı, belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi tövsiyə edir.
Həmçinin, hər hansı qurum tərəfindən göstərilən xidmətləri yalnız rəsmi mənbələr və veb-səhifələr vasitəsilə istifadə etmək tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.