PAYTAXT XƏBƏRLƏRİ

Bakıda məktəbdə bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb

Mərkəzin strukturuna daxil olan tibb müəssisələri uşaqların icbari dispanserizasiyasını davam etdirir.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Bakıda məktəbdə bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, mərkəzin strukturuna daxil olan tibb müəssisələri uşaqların icbari dispanserizasiyasını davam etdirir:

"İcbari dispanserizasiya uşaqların mütəmadi olaraq tibbi müayinələrdən keçirilməsidir. Növbəti tədbir 201 saylı orta məktəbdə aparılıb və bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb".

Qeyd edək ki, 2013-cü ildə qəbul edilmiş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"na görə körpə doğulandan 1 yaşına qədər ayda iki, 2 yaşına qədər rübdə bir, 2-3 yaşlarında altı aydan bir, 3 yaşından sonra ən azı ildə bir dəfə kompleks müayinələrdən keçirilməlidir. Bu, dövlətin uşaq sağlamlığına göstərdiyi qayğının ifadəsidir.
Xatırladaq ki, 2013-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq təlimatda göstərilib ki, əgər valideyn uşağını tibbi müayinədən, peyvənd etdirməkdən imtina edərsə, ondan yazılı izahat alınmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.