BAKI, 17 noyabr — Sputnik. Azərbaycanda rus dilinə münasibət həmişə diqqətdə olub və bu belə də qalır. TASS xəbər verir ki, bunu MDB Parlamentlərarası Assambleyasının (PA) 56-cı plenar iclasında çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin (MM) sədri Sahibə Qafarova deyib.
"2023-cü ildə Azərbaycanda "Rus dili ili"nə həsr olunmuş bir sıra elmi, mədəni və maarifləndirici tədbirlər hazırlanıb və keçirilib. Qeyd etmək istərdim ki, Azərbaycanda rus dilinə hər zaman qayğı ilə yanaşılıb və indi də yanaşır", - spiker bildirib.
Sahibə Qafarova vurğulayıb ki, Azərbaycanda 340-a yaxın məktəbdə tədris yalnız rus dilində aparılır. Orada 150 mindən çox uşaq təhsil alır. Azərbaycanın ali təhsil müəssisələrinin rus bölmələrində isə hazırda 15 mindən çox tələbə təhsil alır.
Azərbaycan Milli Məclisinin sədri MDB çərçivəsində əməkdaşlığın humanitar aspektinin xüsusi əhəmiyyətini qeyd edərək, bunun Birliyə üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun möhkəmlənməsinə kömək etdiyini bildirib. O xatırladıb ki, MDB ölkələrinin III Oyunları 2025-ci ildə Azərbaycanda keçiriləcək.
"Əminik ki, bu Oyunlar MDB məkanında əməkdaşlığın və uğurlu qarşılıqlı fəaliyyətin inkişafına növbəti töhfə olacaq", - deyə Azərbaycan parlamentinin sədri vurğulayıb.
Sahibə Qafarova onu da xatırladıb ki, cari il Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev İli elan olunub.
“Fürsətdən istifadə edərək, Azərbaycan Milli Məclisinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında fəal iştirak edən, habelə bu çoxsaylı yüksək səviyyəli tədbirlərin təşkilinə görə parlamentarilərə təşəkkürümü bildirmək istəyirəm ”, - deyə Milli Məclisin sədri qeyd edib.
Xatırladaq ki, ötən gün Bişkekdə Rusiya Federasiyası Federasiya Şurasının və Azərbaycan Milli Məclisinin spikerləri Valentina Matviyenko və Sahibə Qafarova arasında görüş keçirilib, görüşdə tərəflər iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Xüsusilə, həmsöhbətlər hər iki ölkə üçün praktiki fayda gətirən parlamentlərarası dialoqunun müntəzəmliyini və səmərəliliyini vurğulayıblar.
Görüş iştirakçıları beynəlxalq parlament platformalarında, o cümlədən Parlamentlərarası İttifaq kimi mötəbər qurumda səmərəli qarşılıqlı fəaliyyətin olduğunu da qeyd ediblər.
Sahibə Qafarova diqqəti MDB PA-nın səmərəliliyinə cəlb edib və bildirib ki, bu qarşılıqlı fəaliyyətin bütün aktual məsələlərini məxfi qaydada müzakirə etməyə və həll etməyə imkan verir.
Valentina Matviyenko Milli Məclisin sədrini 2024-cü ildə Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumunda fəal iştirak etməyə dəvət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.