Qarabağın dirçəlişi və reinteqrasiyası

Azad olunmuş ərazilərdə əmək yarmarkaları təşkil olunacaq

Füzuli şəhərinə köçürülmüş sakinlər içərisində indiyə qədər 73 nəfər işlə təmin olunub.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Azad olunmuş ərazilərdə silsilə əmək yarmarkaları təşkil olunacaq.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Qarabağ regional məşğulluq filialının müdiri Babək Tağıyev deyib.
Onun sözlərinə görə, Füzuli şəhərində bu gün keçirilən əmək yarmarkasında 200-ə yaxın vakansiya ilə 27 müəssisə iştirak edir:

"Tədbirlər silsiləsinin davamı olaraq bu gün Qarabağ regional məşğulluq filialının təşkilatçılığı, xüsusi nümayəndəliyin dəstəyi ilə işğaldan azad olunmuş ərazilərdə ilk əmək yarmarkası Füzuli şəhərində təşkil olunur. Yarmarkada 200-ə yaxın vakansiya ilə 27 müəssisə iştirak edir".

Məlumata görə, bundan əlavə, Füzuli şəhərinə köçürülmüş sakinlər içərisində indiyə qədər 73 nəfər işlə təmin olunub. 20 nəfər özünüməşğulluq proqramına cəlb olunub.
"Yüz əlliyə yaxın vətəndaşın məşğulluq tədbirlərinə cəlb olunması üçün proseslər davam etdirilir. Belə yarmarkalar digər işğaldan azad olunmuş ərazilərdə silsilə şəklində təşkil olunması planlaşdırılır", - deyə filial müdiri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.