BAKI, 15 noyabr — Sputnik. Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun layihəsi Azərbaycan Elm Fondunun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Əsas Qrant Müsabiqəsi–2023"ün qalibləri sırasındadır. Elm Fondunun Müşahidə Şurasının qərarına əsasən Mikrobiologiya İnstitutunun layihəsi də qalib elan olunub.
Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, qrant müsabiqəsində 13 layihə, o cümlədən AMEA-nın müxbir üzvü Pənah Muradovun rəhbəri olduğu "Meyvə və giləmeyvə bitkilərinin in vitro şəraitində embriogenez və morfogenez induksiyasının fundamental əsaslarının öyrənilməsi, əldə olunan klonların inkişafının, məhsuldarlığını və xəstəliktörədicilərinə davamlılığını yüksəldən biopreparatların alınması və istehsal texnologiyasının elmi əsalarının hazırlanması" layihəsi qalib olub.
Layihənin 9 icraçıları arasında Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 3 əməkdaşı da yer alır. Layihə üzrə nəzərdə tutulan işlər hər iki institutun laboratoriya və təcrübə sahələrində yerinə yetiriləcək. Layihənin yerinə yetirilməsi 2 il müddətinə nəzərdə tutulub.
Pənah Muradov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Elmin İnkişafı Fondu sözügedən layihənin icrasına 250 min manat vəsait ayrılıb. Onun sözlərinə görə, layihənin əsas məqsədi mikroklonal çoxaltma yolu ilə meyvə və giləmeyvələrdən əkin materialı almaq və həmin materialın məhsuldarlığını, eləcə də xəstəliyə davamlılığını yüksəldən ekoloji təmiz preparatların alınma texnologiyasının elmi və praktiki əsaslarını işləyib hazırlamaqdır:
"Bununla da ölkəmizdə aqrar sektorda məhsuldarlıq artacaq. İndiyədək tətbiq edilən üsullardan fərqli yanaşma ilə daha ekoloji təmiz və yüksək məhsul əldə ediləcək".
P.Muradov onu da bildirib ki, bunun üçün elmi baza formalaşdırılıb.
Layihə Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda və Kənd Təsərrüfatı Nazirliyinin Meyvcəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun laboratoriya və təcrübə bazalarında icra olunacaq.
Qeyd edək ki, "Əsas Qrant Müsabiqəsi–2023"ün proqramı qabaqcıl texnologiyaların, kəşflərin sayını artırmaq üçün nəzərdə tutulub. Bu müsabiqə elmi tədqiqatlarla yanaşı, nümayiş layihələri və innovasiyalar da daxil olmaqla geniş spektrli fəaliyyəti dəstəkləyir.
Məqsəd müsabiqə əsasında ayrılan maliyyə vəsaiti hesabına elmin səviyyəsini yüksəltmək və tədqiqatın elmi əhəmiyyətini rəhbər tutaraq alimlərin özlərinin təklif etdikləri mövzular üzrə tədqiqatlarını dəstəkləməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.