İQTİSADİYYAT

ABŞ maliyyə sisteminin dövrünün sonu: Mastercard və Visa-ya alternativlər necə yaradılır

Türkiyədə vətəndaşlar Yaxın Şərqdəki münaqişə fonunda yerli "Troy"a üstünlük verərək, "Mastercard" və "Visa" kartlarından kütləvi şəkildə imtina etməyə başlayıblar. Yerli ödəniş sistemləri dünyada öz bazarlarını əldə edə biləcəklərmi?
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Qərbdə yerləşən vahid mərkəzdən idarə olunan dünya maliyyə sistemi açıq şəkildə çat verməyə başlayıb. ABŞ banklarının kütləvi iflaslarından sonra dünya ölkələrinin ABŞ-ın maliyyə sisteminə inamı tədricən azalmağa başlayıb, Vaşinqtonun bu və ya digər ölkədə ödəniş və maliyyə sistemlərinin fəaliyyətinə müdaxiləsi isə yeni və alternativ maliyyə alətlərinin yaradılması zəruriliyinə tam əminlik yaradıb.
Bir sıra ölkələrdə, xüsusən də İran, Rusiya, Çin və Türkiyədə yerli ödəniş sisteminin yaradılması üzrə işlər uzun illərdir davam edir, lakin Qərbin sanksiyaları "Mastercard""Visa" sistemlərinin Rusiya bazarından çıxarılmasına səbəb olduqdan sonra məsələ xüsusilə aktuallaşıb. Dünya ölkələrində maliyyə qurumları Qərbdən asılı olmayaraq öz sistemlərini yaratmaq üçün səylərini gücləndiriblər və bu sahədə görülən işlər nəzərəçarpacaq nəticələr verir.
Məsələn, Türkiyədə 2015-ci ildən etibarən "Troy" milli ödəniş sistemi istifadəyə verilib ki, onun da 51%-i Türkiyə Mərkəzi Bankına, qalan hissəsi isə ölkənin dövlət və özəl banklarına məxsusdur. Yəni məhsul tamamilə Türkiyənindir və qərbdəki əhval-ruhiyyədən asılı deyil.
Məhz bu səbəbdən Türkiyədə "Mastercard" və "Visa" ödəniş sistemlərindən asanlıqla imtina edə bilirlər ki, bu da prinsipcə baş verir. Belə ki, Türkiyə vətəndaşları Yaxın Şərqdəki münaqişə fonunda yerli "Troy" sisteminə üstünlük verərək kütləvi şəkildə "Mastercard" və "Visa" kartlarından imtina etməyə başlayıblar. Qərb ölkələrinin ödəniş sistemlərinə boykot edilməsi İsraildə istehsal olunan malların və Tel-Əvivin siyasətini dəstəkləyən brendlərin rədd edilməsinin davamı olub.
Türkiyə mediasından verilən məlumata görə, "Mastercard" və "Visa" hər il Türkiyədən 2-3 milyard dollar məbləğində komissiya alır və onlardan kütləvi şəkildə imtina şirkətlərin gəlirlərinə ciddi zərbə vura bilər. Qeyd edək ki, Türkiyə hakimiyyəti vətəndaşların bu təşəbbüsünü dəstəkləyir. Belə ki, Çorum və Battalqazi şəhərlərinin bələdiyyələri işçilərin maaş kartlarını "Troy"a köçürməyə başlayıblar. Bundan əlavə, Dini İşlər İdarəsi də 100 minə yaxın işçisinin maaş kartlarını "Troy" sisteminə köçürmək niyyətindədir.
Qərb yerli ödəniş sistemləri üçün heç bir imkan qoymur
Türkiyə İqtisadi Jurnalistlər Cəmiyyətinin rəhbəri Rəcəb Erçin hesab edir ki, Türkiyənin "Troy" kartının "Mastercard", "Visa" və "American Express" kimi geniş yayılması üçün onun qlobal ödəniş sistemində akkreditasiyadan keçməsi lazımdır.

"Hazırda bir çox ölkələrdə "Troy" kartından istifadə etmək olar. Lakin mövcud maliyyə memarlığı Qərb mərkəzlərindən idarə edildiyindən yerli agentlərə inkişaf üçün çox yer və imkanlar verilmir", - deyə iqtisadçısı Sputnik Azərbaycan-a bildirib.

Recep Erçin
Erçin qeyd edib ki, Çin "UnionPay" sisteminin köməyi ilə vəziyyəti müəyyən qədər dəyişdirə və dünya bazarında kifayət qədər yaxşı payı əldə edə bilib. Ancaq Türkiyənin "Troy" sisteminin çox uzun bir yolu var, lakin Prezident Rəcəb Tayyib Ərdoğanın son illərdəki beynəlxalq iqtisadi əməkdaşlıq siyasəti Türkiyə sisteminə bir sıra ölkələrdə, xüsusən də türk dövlətləri, Rusiya və Balkan ölkələrində bazarı ələ keçirməyə imkan verəcək.

"Troy" sistemi hələ inkişafının başlanğıcındadır və əgər Türkiyə hakimiyyəti onu dəstəkləyib düzgün strategiyaya riayət edərsə, düşünürəm ki, Türkiyənin ödəniş sisteminin öz bazarı olacaq", - deyə iqtisadçı əminliklə bildirib.

Erçin həmçinin qeyd edib ki, bu yaxınlarda Rusiya və Türkiyənin mərkəzi bankları arasında milli ödəniş kartlarından istifadə ilə bağlı danışıqlar aparılıb. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları nəzərə alsaq, məsələ xüsusilə aktual hala gəlib ki, bu da rusiyalı turistlərin Türkiyədə mal və xidmətlərin ödənişini xeyli asanlaşdıracaq.
ABŞ-ın maliyyə sisteminə inam yoxdur
Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov hesab edir ki, getdikcə daha çox istifadəçi təkcə Türkiyədə deyil, bütövlükdə dünyada "Mastercard" və "Visa"dan imtina edəcək, onların istifadə dairəsi sürətlə azalacaq. Ekspert qeyd edib ki, ABŞ inflyasiyanın qarşısının alınmasına müvəffəq olur və hətta beynəlxalq ödənişlərdə dollardan istifadəni artırır.
Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov

"Ancaq biz başa düşürük ki, bu, Vaşinqtonun avronu və onun avropadakı müttəfiqlərini əslində "məhv etməsi" sayəsində əldə edilir. Lakin yenə də ABŞ-ın maliyyə sisteminə, Amerikanın "qaydalara əsaslanan dünyasına" inam yoxdur. Çünki hər an bu və ya digər ölkənin "Mastercard" və "Visa" və ya "SWIFT" sistemindən əlaqəsi kəsilə bilər. Bütün bunlar indi dünyada tamamilə yeni hisslər yaradır, bu həm hökumətlərin, həm də adi bank müştərilərinin hissləridir", - deyə Koltaşov Sputnik Azərbaycan-a bildirib.

Buna görə də ekspert hesab edir ki, bir çox ölkələrdə öz ödəniş sistemləri fəal şəkildə yaradılacaq və dövlətlər ABŞ-ın "Mastercard" və "Visa" sistemlərindən qurtulmağa çalışacaqlar.
"Üstəlik, dünya həqiqətən də müxtəlif düşərgələrə parçalanıb və ölkələr həqiqətən müstəqil olduqları yerlərdə "Mastercard" və "Visa"dan tez bir zamanda qurtulmağa və Türkiyədəki "Troy"a və ya Rusiyadakı "Mir" kimi öz sisteminə sahib olmağa çalışırlar", - deyə agentliyin həmsöhbəti fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Rusiyada Qərbdən asılı olmayan ödəniş sistemləri yaradılacaq