BAKI, 14 noyabr — Sputnik. Gürcüstanın Poti limanı Fransadan Gürcüstan vasitəsilə Ermənistana silahların çatdırılmasını təsdiqləyib. Bu barədə APA "APM Terminals Poti"-yə istinadən məlumat yayıb.
"Bu məsələ ilə bağlı vurğulamaq istərdik ki, bu yük Avropa İttifaqı ölkəsindən - Fransadan daxil olub və sanksiya tətbiq edilməyən ölkəyə - Ermənistana yönəlib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən qoyulmuş məhdudiyyətlər olmadığı hallarda, Gürcüstanda və regionda çoxməqsədli liman olan "APM Terminals Potinin" sanksiya tətbiq edilməmiş yükləri qəbul etməkdən əsassız olaraq imtina etmək imkanı yoxdur", - limanın açıqlamasında bildirilib.
Qeyd edək ki, bazar günü Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılıb.
Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, "ACMAT Bastion" markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana "ACMAT Bastion" markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.
Ermənistan MN isə Fransa zirehli texnikasının ölkəyə tədarükü ilə bağlı xəbərləri şərh etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.