Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz - Qüdrət Həsənquliyev
Deputat deyir ki, tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bütün sivil dünyada bu belədir. Tikinti üçün müraciətlərə cavablar onlayn qaydada, ictimaiyyət üçün açıq olmalıdır. Nəhayət, Bakı şəhər bələdiyyəsi yaradılmalıdır.
SputnikBAKI, 14 noyabr — Sputnik. "10 milyon əhalisi olan ölkəmiz üçün 34,1 milyard manat gəlirləri olan büdcə olduqca kiçikdir. Onun da 12,7 milyard manatı Dövlət Neft Fondundan transfertdir. 2023-cü ildə ümum daxili məhsul real ifadədə cəmi 0,5 faiz artıb. Sanki durğunluq dövrünə qədəm qoymuşuq".
Bu fikirləri Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı səsləndirib.
Deputat bildirib ki, 2024-cü ilin büdcəsindəki 282,5 milyon manatlıq artım Dövlət Neft Fondundan tranfertlər hesabınadır:
"İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoymaq və büdcə gəlirlərini əhəmiyyətli ölçüdə artıra bilmək üçün ciddi islahatlar həyata keçirməliyik. Biz hamımız hansısa sahələrə daha çox vəsait ayırlmasını təklif edirik. Amma çox təəssüf ki, büdcəmizin həcminin bizim qədər 10 milyon əhalisi olan amma büdcə gəlirləri bizdən ən azı 3 dəfə artıq olan Avropa ölkələrinin büdcəsinə necə yaxınlaşdırılması barədə az təklif veririk. Halbuki qiymətləri qaldıranda Avropa ölkələrindəki vəziyyətə çox istinad olunur".
"Dövlət müəssisələri, xəstəxanalar, xidmət sahələri özəlləşdirilməlidir"
Millət vəkili deyib ki, bunun üçün elə Avropa ölkələrinin yolu ilə getməliyik:
"Sürətli iqtisadi inkişafımızın qarşısında ən böyük maneə qanunların aliliyinin tam təmin olunmamasıdır. Buna ən bariz nümunə işğaldan azad olunmuş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manat vəsaitin xərclənməsidir. İnkişaf, sabitlik və rifah istəyiriksə, konstitusiyaya uyğun olaraq dövlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. İnhisarçılığa və proteksionizmə son qoyulmalı, rəqabət mühiti formalaşdırılmalı, dövlət müəssisələri, xəstəxanalar, xidmət sahələri özəlləşdirilməlidir. Korrupsiyaya qarşı effektiv mübarizə təşkil etmək üçün məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir".
"Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz"
Q.Həsənquliyev diqqətə çatdırıb ki, qanunların aliliyi təmin edilməsə, İqtisadiyyat Nazirliyinin səyləri ciddi nəticələr verməyəcək:
"Sabit Vergi Məcəlləsi olmalıdır. Son 3 ildə Vergi Məcəlləsinə neçə dəyişiklik etmişik? Sayı hesabı itib. Vergi dərəcələri, rüsumlar, ödəmələr, konstitusiyaya uyğun olaraq qanunla müəyyən olunmalıdır. Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz. Xidmətə görə büdcədən maaş alırlar. Sahibkar ən azı 5 il müddətində gəlirlərini proqnozlaşdıra bilməlidir. Qanunları tez-tez dəyişməklə, hansısa vergi güzəştləri müəyyən edib, sonra ləğv etməklə iqtisadi inkişafa töhfə vermək olmaz. Mülkiyyətə və hüquqlara təminat verən güclü məhkəmə hakimiyyəti yaratmadan, müasir texnologiya cəlb etməklə sənayeni inkişaf etdirmədən ciddi uğurlara imza atmaq mümkün deyil. Biz, tezliklə Ümumdünya Ticarət Təşkilatına və regional iqtisadi birliklərə qoşulmalıyıq".
"Tikintiyə icazə vermək səlahiyyəti bələdiyyələrə verilməlidir"
Millət vəkili vurğulayıb ki, büdcəyə əlavə vəsait cəlb edəcəyimiz sahələrdən biri tikinti sektorudur:
"Bakı Şəhər İcra Hakimiyyəti başçısının keçən il səsləndirdiyi rəqəmlərə əsaslansaq yalnız Bakı şəhərində minə qədər qəzalı bina var. Amma sahibsiz sahibkarlar yaşayış binaları tikmək üçün yer tapa bilmədiklərindən xarici ölkələrə üz tuturlar. Deputat olduğum Xətai rayonunda da qəzalı binalar az deyil. Bu barədə sakinlərin xahişi ilə müvafiq dövlət orqanlarına müraciət etmişəm. Kimlərsə həmin yerləri götürüb, amma illərdir ki, tikintiyə başlamır. Görünür işəri çoxdur, yavaş-yavaş tikir, bu yolla qiymətlərin aşağı düşməsinə də imkan vermirlər. Nəzərə almırlar ki, insanların həyatı təhlükə altındadır. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud özlərinə övladlarına mənzil almaq istəyir. Bu sahədə islahatlar aparılmalı, tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bütün sivil dünyada bu belədir. Tikinti üçün müraciətlərə cavablar onlayn qaydada, ictimaiyyət üçün açıq olmalıdır. Bələdiyyələrə həm də öz təşəbbüsü ilə tikinti üçün yerlərin sənədlərini paket halında hazırlayıb hərraclarda tikinti şirkətlərinə satmaq səlahiyyəti verilməlidir. Nəhayət, Bakı şəhər bələdiyyəsi yaradılmalıdır".
"Elm və təhsil sahəsində ciddi islahatlara ehtiyac var"
Deputat onu da qeyd edib ki, xüsusilə elmə 228,7 milyon manatın ayrılması olduqca azdır:
"Elm və təhsil sahəsində də ciddi islahatlara ehtiyac var. Orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsasında ali məktəblərə qəbul həyata keçirilməli, repetitorluğa son qoyulmalıdır. Elə vəziyyət yaradılıb ki, heç kim repetitora pul ödəmədən ali məktəblərə qəbul ola bilmir. Bu isə ailələr üçün ağır maliyyə yüküdür. Universitetlərin, peşə məktəblərinin, kolleclərin əksəriyyəti özəlləşdirilməli, imkansız ailələrin uşaqları dövlət hesabına təhsil almalı, təhsil kreditləri faizsiz və hər kəs üçün əlçatan olmalıdır. Ali Attestasiya Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının, orta məktəb müəllimlərinin əməkhaqqı əhəmiyyətli səviyyədə artırılmalıdır. Elm və təhsili inkişaf etdirmədən ölkəmiz inkişaf etmiş ölkələr sırasına çıxa bilməyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.