CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN şüa ilə bağlı müəssisə və təşkilatlara müraciət edib

Qanunvericiliyin tələbinə əsasən, radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə təlimlər keçirən fiziki və hüquqi şəxslərin tədris metodikası Agentlik tərəfindən razılaşdırılaraq müvafiq qaydalara uyğun təşkil edilməlidir.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların müvafiq mütəxəssislərinin attestasiyasını keçirir.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nüvə və radiasiya təhlükəli obyektlərin müvafiq əməkdaşlarının attestasiyadan uğurla keçməsi üçün ixtisas səviyyələrinin artırılması məqsədilə müəssisələr bir sıra hallarda bu sahədə təlimlər keçən təşkilatlara müraciət edirlər. Lakin nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə əsasən, radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə təlimlər keçirən fiziki və hüquqi şəxslərin tədris metodikası Agentlik tərəfindən razılaşdırılaraq müvafiq qaydalara uyğun təşkil edilməlidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlara müraciət edərək, bu mənbələrlə çalışan mütəxəssislərin radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə ixtisaslarının artırılması üçün yalnız Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış tədris metodikasına malik fiziki və ya hüquqi şəxslərin xidmətlərindən istifadə olunmasını tövsiyə edir.
Xatırladaq ki, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələblərinə uyğun olaraq, ərazi, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında əks olunur.
Müəssisə və təşkilatların radioloji-gigiyenik pasportları hər il aparılmalı, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün verilən xüsusi icazə isə 3 il müddətinə verilir.
Pasportda nələr əksini tapacaq?
Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportuna aşağıdakılar daxil edilməlidir:
əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi;
yüksək səviyyəli ionlaşdırıcı şüa təsirinə məruz qalan ərazi və əhalinin (işçilərin) risk qrupları haqqında məlumat;
ərazi və ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlarda radiasiya vəziyyətinin proqnozu;
əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təminatı ilə əlaqədar planlaşdırma, tədbirlərin aparılması və qərarların qəbul edilməsi üçün lazım olan tövsiyələr;
əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təmin olunması ilə əlaqədar aparılan tədbirlərin effektivliyinin analizi.
Müəssisə və təşkilatların radioloji-gigiyenik pasportunda ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin növü, xarakteri, işlərin aparılma yeri, gigiyenik norma və qayda tələblərinə əməl olunması, radiasiya qəzası ehtimalı və onun miqyası, qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq, müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin sayı və radiasiya təhlükəsizliyinə hazırlığın vəziyyəti barədə digər lazımi məlumatlar olmalıdır.
Ərazinin radioloji-gigiyenik pasportunda ərazilərin radioaktiv çirklənməsinin xüsusiyyəti və dərəcəsi, bunun nəticəsində əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları şüalanma dozalarının təhlili, radiasiya təhlükəsizliyi şəraitinin qiymətləndirilməsi üçün digər məlumatlar qeyd olunur. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında qeyd edilmiş məlumatlar dəqiq, dolğun olmalı, radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin effektivliyinin qiymətləndirilməsinə imkan verməlidir.
Müəssisələr ildə bir dəfə pasport almalı olacaq
Qurumdan aldığımız məlumata görə, ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportları hər il tərtib edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.