İQTİSADİYYAT

Deputat gənc alimlərin maaşının az olmasından danışıb: Bu maaşla alim elmlə məşğul olacaq?

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alır.
Sputnik
BAKI, 14 noyabr - Sputnik. “Hər il dövlət büdcəsindən elmin inkişafına xeyli vəsait ayrılır, amma həmin məbləğin nə qədər hissəsi birbaşa alimə çatır, bax bu sual maraqlıdır”.
Bunu Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycanın 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alır:

“Halbuki ölkədə bu il üçün nominal orta aylıq əməkhaqqı 925,3 manat, paytaxtda isə orta aylıq nominal əməkhaqqı 1000 manatdan yuxarı təşkil edib. Yəni paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının üçdəbiri qədər maaş alır. Doğrudanmı bu maaşla gənclərimizi elmə gətirmək istəyirik? Doğrudanmı güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?”.

Ə.Ələkbərov elmi dərəcəsi olanlar üçün nəzərdə tutulan vəsaitin az olmasından da danışıb:
“Alimlərə verilən dərəcə pulu 60-100 manat kimi qalıb. Bəlkə də alimə verilən elmi dərəcə pulu yox, elə çörək puludur. Hesab edirəm ki, elmimiz və alimlərimiz bu münasibətə layiq deyil”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.