CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda seysmik kəmər atılmayan binalarda zəlzələ təhlükəsi

Ekspert deyir ki, "xruşşovkalar"ın inşası zamanı seysmik - bərkidici kəmər atılmayıb.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Bakıda sovet dövründə inşa olunmuş mişar daşı ilə tikilən binaların bir çoxunda seysmik kəmərin olmadığı, həmin binaların öz dayanıqlığını itirməsi barədə fikirlər narahatlığa səbəb olub. Əmlak eksperti Nüsrət İbrahimov bu günlərdə mətbuata açıqlamasında bildirib ki, sovet dövründə inşa edilmiş binalar öz dayanıqlığını itirib. Xüsusilə, mişar daşı ilə tikilən binaların bir çoxunda seysmik kəmər yoxdur.
Sputnik Azərbaycan-a bu barədə açıqlama verən daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, bu binalar sovet dövründə, 1940-cı ilədək inşa olunmuş binalardır.

"Sovet dövründə layihələşdirmə işlərini aparan layihə institutları vardı. Hazırlanan layihələr bütün sovet məkanında tətbiq olunurdu. Seysmiklik nəzərə almadan layihələr normativə uyğun inşa olunurdu. Həmin binalarda seysmik kəmər nəzərdə tutulmurdu. Bunlar əsasən "xuruşovkalar"dır. Onlar tez inşa olunan, ucuz başa gələn, istismar müddəti 40 ilədək nəzərdə tutulan binalardır. Bu binaların inşası zamanı seysmik, bərkidici kəmər atılmırdı" - E.Azadov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 1970-ci ildən sonra daha müasir tikinti texnologiyalarına keçilərək panel binaların inşasına başlanılıb. 1970-ci ildən sonra binalar seysmik kəmərlə tikilib. "İnturist", "Qarabağ" hotel normativlər nəzərə alınaraq inşa olunub.
Azadov qeyd edib ki, hazırda inşaat normativlərində binalarda seysmik kəmərin atılması tələbi var. Buna bərkidici kəmər deyirlər. Türkiyədə baş verən zəlzələdən sonra belə məlumatlar yayılarkən əhali narahat olmağa başlasa da, Türkiyə ilə müqayisədə Azərbaycanda sovet dövründə belə inşa olunan binalar qardaş ölkədən daha etibarlıdır:
"Azərbaycanda Türkiyədən fərqli olaraq sovet dövründə də tikinti normaları olduğundan, binalarda keyfiyyət amilinə ciddi əməl edilib. 2010-cu ildə seysmik ərazilərdə tikinti sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradıldı. 2012-ci ildən isə Azərbaycanda tikinti normativləri daha da sərtləşdirildi. Hər mərtəbəyə beton tökildikdən sonra laborator müayinələr aparılır, həm betondan, həmçinin də armaturlardan nümunələr götürülərək yoxlanılır. Tikinti başa çatdıqdan sonra binanın ayrı-ayrı yerlərindən nümunələr götürülərək təkrar yoxlamaya cəlb olunur. Odur ki, 2012-ci ildən sonra tikilmiş binalarda keyfiyyətə daha çox əminlik var. Hazırda əsas təhlükə istismar müddətini başa vurmuş və qəzalı binalarla bağlıdır".
Qeyd edək ki, hazırda Bakı şəhərində köhnə və qəzalı vəziyyətdə olan bina sayı kifayət qədərdir. Ötən il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdi ki, bu cür binaların sayında 30 faiz azalma olsa da, Bakıda hələ də 1000-ə yaxın köhnə və qəzalı vəziyyətdə bina var. Yəni zəlzələ olarsa, 1000-ə yaxın binada yaşayanlar üçün təhlükə daha böyükdür. Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-ci ildən istismar müddətini bitirmiş binaların söküntüsünə start verildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.