BAKI, 13 noyabr — Sputnik. "Bu gün Milli Məclisdə 2024-cü il və sonrakı 3 il üçün dövlət büdcəsi layihəsi müzakirə olunur və builki müzakirə tamamilə fərqli qlobal və regional geosiyasi reallıqlar şəraitində baş verir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tam olaraq öz ərazi bütövlüyünü təmin edib və bu, ölkənin gələcək sosial-iqtisadi inkişafına çoxsaylı yeni imkanlar açan böyük bir tarixi hadisədir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qlobal geosiyasi eskalasiyanın və geoiqtisadi fraqmentasiyanın güclənməsi səbəbindən son dərəcədə mürəkkəb qlobal iqtisadi fonda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam etdirilir, Prezident tərəfindən müəyyən edilmiş strateji inkişaf kursu bütün istiqamətlərdə uğurla həyata keçirilir. Ölkədə həyata keçirilən yeni nəsil islahatlar və iqtisadiyyatın şaxələndirilməsi sahəsində görülən irimiqyaslı işlər, işğaldan azad olunmuş ərazilərin bərpası və reinteqrasiyası orta və uzunmüddətli dövrdə dayanıqlı və keyfiyyətli iqtisadi inkişafın təməllərini daha da gücləndirməkdədir.
O qeyd edib ki, cari ilin 9 ayında neft-qaz sektorunda real ümumi daxili məhsulun (ÜDM) 1,5% azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 3,0% təşkil etməsi ümumi iqtisadi artıma müsbət təsir edib. Qeyri-neft-qaz sənayesi 6,3%, tikinti sektoru 12,5%, informasiya və rabitə sektoru 14,7%, turizm sektoru 26,0%, kənd təsərrüfatı 3,0%, ticarət sektoru isə 3,3% artıb. Əsas kapitala investisiya qoyuluşlarının real artım tempinin 21%-i, o cümlədən qeyri-neft-qaz sektorunda 23%-i ötməsi iqtisadi artıma və məşğulluğa müsbət təsir edib ki, burada da işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçirilən investisiyalar mühüm amillərdən biridir.
"Xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır"
Diqqətə çatdırılıb ki, neft və qazın dünya bazar qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır. Belə ki, cari ilin 10 ayında ixrac 29,0 milyard (mlrd) ABŞ dollarını ötüb, ticarət balansının profisiti 15,0 mlrd. ABŞ dollarından çox olub. Qeyri-neft-qaz sektorunun ixracı isə 11,0%-dən çox artaraq 2,7 mlrd. ABŞ dollarını ötüb. Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68%-ə çatmaqdadır. Cari ilin 9 ayında qeyri-neft-qaz sənaye məhsullarının ixracında sənaye zonalarının payı 23,0%-ə çatıb.
Nazir bildirib ki, son aylarda qlobal ərzaq bazarlarında qiymətlərin, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən səngiməyə başlaması, hökumət tərəfindən antiinflyasiya tədbirlərinin həyata keçirilməsi inflyasiyanın tədricən yavaşlamasına imkan verib. Nəticədə 2023-cü ilin 9 ayında inflyasiya 10,9% olub.
"İqtisadi artımın davam etməsi və şəffaflaşma şəraitində cari ilin 10 ayında dövlət büdcəsinə 14,6 mlrd. manat vergi daxilolmaları təmin edilib, proqnozdan əlavə 1,1 mlrd. manata yaxın vergi toplanıb. Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 8,4 mlrd. manat vergi daxilolmaları təmin edilib, proqnozdan əlavə 550,0 mln. manat vergi toplanıb. Sektor üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 19,0%-dən çox artıb. Qeyd edim ki, cari ilin 9 ayında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz gəlirlərinin xüsusi çəkisi 59,5% təşkil edib"-, deyə o qeyd edib.
Bildirilib ki, cari ilin 10 ayında qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları 23,0%-dək artıb, özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında payı 76%-i ötüb. Cari ildə əldə olunmuş bu fiskal nəticələr Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulmuş transfertlərin həcminə qənaət etməyə imkan verir ki, bu da Fondun aktivlərinin proqnozdan daha yüksək artımını təmin edir.
O qeyd edib ki, vergi daxilolmaları ilə yanaşı, sosial sığorta yığımları üzrə də yüksək artım dinamikası müşahidə olunur. Cari ilin 10 ayında məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 4,2 mlrd.manat təşkil edib, proqnozdan əlavə 351,0 mln. manat vəsait toplanıb. Daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,0%-dən çox artıb. Sosial sığorta üzrə yığımların əhəmiyyətli artması və bununla yanaşı sahəvi qurum tərəfindən sosial sferada həyata keçirilən tədbirlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə böyük həcmdə sərbəst vəsaitlərin yaranmasına imkan verib və bu vəsaitlərin idarə edilməsi mexanizmi artıq yaradılıb. Bu vəsaitlər isə yaxın gələcəkdə iqtisadiyyatda "uzun pulların" mühüm mənbələrindən biridir. İşsizlikdən sığorta üzrə daxilolmalar 149,0 mln. manat təşkil etdib, daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,0%-dək artıb.
"Qeyri-neft-qaz özəl sektorda 350 minədək yeni əmək müqavilələri bağlanıb"
Qeyd edilib ki, Prezidentin təşəbbüsünə uyğun olaraq əmək bazarının leqallaşdırılması məqsədilə əməkhaqqı üzrə islahatlar uğurla həyata keçirilməkdədir: "Nəticədə qeyri-neft-qaz özəl sektorda 350 minədək yeni əmək müqavilələri bağlanıb ki, bu da islahat başlayan dövrdən pandemiya ili də daxil olmaqla ildə orta hesabla təxminən 70 min yeni rəsmi iş yerinin qeydə alınması deməkdir. Bu, əmək bazarını tərk edən işçilərin sayını üstələyir. Son tarixə qeyri-neft-qaz özəl sektorun əmək müqavilələrində payı 50%-ə çatmaqdadır. Cari ildə sektorda əmək müqavilələrinin sayı dövlət sektorunun göstəricisini üstələməyə başlayıb (son tarixə 38 mindən çox üstələyir). Bundan sonra əsas vəzifəmiz yaranan yeni iş yerlərinin kəmiyyəti ilə yanaşı, onların keyfiyyətinə diqqət verməkdir. Çünki, şaxələnmə siyasətinin nəticəsi olaraq iqtisadiyyatın strukturunun getdikcə mürəkkəbləşməsi və daha yüksək əlavə dəyərə malik sahələrin inkişafı iş yerlərinin keyfiyyətinə dair tələbləri artırır ki, bu da öz növbəsində həm orta aylıq əmək haqqına, peşə hazırlığına, təhsil və miqrasiya siyasətinə də öz təsirini göstərir".
Nazir cari ildə ölkə iqtisadiyyatında həyata keçirilən bəzi struktur islahatları və onların nəticələri barədə də məlumat verib: "2023-cü ilin 10 ayında 208 müəssisə və obyekt, 9 açıq səhmdar cəmiyyətinin səhmləri və 91 dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirilib. Özəlləşdirmədən dövlət büdcəsinə 104 mln. manata yaxın vəsait daxil olub və 10 aylıq proqnoz 116%-dən çox icra edilib. Ölkə başçısının müvafiq Sərəncamına əsasən 8 iri dövlət müəssisəsinin restrukturizasiyası və sağlamlaşdırılması, onların fəaliyyət səmərəliliyinin artırılması, özəl investisiyaların cəlb edilməsi məqsədilə həmin müəssisələrdə dövlətin iştirak paylarının azaldılması, bununla yanaşı müvafiq sahələrdə liberallaşdırma və inhisarsızlaşdırma imkanlarının nəzərdən keçirilməsinə dair təkliflərin hazırlanması istiqamətində də tədbirlər həyata keçirilir. Bununla əlaqədar, nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər də cəlb edilib".
"Rəqabət Məcəlləsinin yekun layihəsinə Milli Məclisdə baxılır"
Diqqətə çatdırılıb ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış, ölkə Prezidenti tərəfindən dəstəklənmiş və ölkədə azad və sağlam rəqabətin təmin olunmasının ümumi əsaslarını, bu sahədə dövlət nəzarətini və tənzimlənməni, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edən Rəqabət Məcəlləsinin yekun layihəsinə Milli Məclisdə baxılır.
"Bundan əlavə, ötən ilin sonlarında qəbul edilmiş "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanundan irəli gələrək investisiya layihələrinin idarə olunması və bu layihələr üzrə investorların cəlb edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən institusional çərçivənin yaradılmasına və real investisiya təklifləri üzrə müzakirələrə başlanılıb"-,deyə nazir bildirib.
"Dövlət satınalmalarında şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər davam etdirilir"
Nazir vurğulayıb ki, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, o cümlədən bütün satınalmaların dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə keçirilməsini təmin edən "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsinin 1 yanvar 2024-cü il tarixindən tətbiqinə başlanılacaq. Dövlət satınalmalarında şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər davam etdirilir. Təkcə bir faktı deyim ki, cari ilin 10 ayında keçirilmiş satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90%-i ötüb.
Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış təkliflərə əsasən ölkə başçısının müvafiq Fərmanı ilə investisiya təşviqi mexanizmi təkmilləşdirilib. Dəyişikliklərə əsasən investisiya təşviqi sənədi 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları və müvafiq ərazilərdə həyata keçirilən layihələrə, habelə ölkə başçısı tərəfindən müəyyən edilən istiqamətlər üzrə strateji layihələrə verilir.
Bildirilib ki, hazırda qeyri-neft-qaz sektorda strateji layihələr üzrə istiqamətlərin müəyyən olunması ilə bağlı işlər aparılır. Əsas vəzifəmiz iqtisadiyyatda yüksək əlavə dəyər yaradan və başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stimullaşdırma alətlərinin geniş tətbiqini təmin etməkdir.
"Qarşımızda duran digər mühüm vəzifə, bildiyiniz kimi, dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq və dövlət büdcəsinə dividend ödənişi ənənəsini aşılamaqdır ki, bu da artıq tədricən dövlət büdcəsində öz əksini tapmaqdadır. Bu, 3 il bundan öncə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə iri dövlət şirkətlərinin fəaliyyətində və maliyyə nəticələrində əldə olunmuş köklü dəyişikliklərlə bağlıdır. Təsadüfi deyil ki, 2022-ci ildə bu Holdinqə daxil olan 12 portfel şirkətindən artıq 8-i dividend ödəmək qabiliyyətinə malikdir. Həmin şirkətlərin 2022-ci ildə cəmi əməliyyat mənfəətliliyi 15 mlrd. manatı keçib, hansı ki, bu göstərici 2020-ci ilə qədər 4-5 mlrd. manat təşkil edirdi"-, deyə nazir qeyd edib.
Bildirilib ki, 2024-cü ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli həcmdə dividend ödənişi nəzərdə tutulub. Növbəti illərdə digər dövlət şirkətləri üzrə də dividend siyasətinin hazırlanmasını vacib hesab edirik. Bununla yanaşı əsas vəzifələrdən biri də bir sıra təbii inhisar subyektlərinin öz mənfəətlərini artırmaq üçün bazarda hökmran mövqeyindən sui-istifadə hallarının qarşısını almaqdır.
Nazir diqqətə çatdırıb ki, sahibkarlığa dəstək tədbirləri də davam etdirilir. Cari ilin 10 ayında sahibkarların ümumi dəyəri 294,0 mln. manatdan çox 2,4 mindən artıq layihəsinə 127,0 mln. manatadək güzəştli kredit verilib. Cari ildə verilmiş kreditlərin məbləğ üzrə 97%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.
Vurğulanıb ki, cari il ərzində yerli istehsalın maya dəyərinin aşağı salınması, ixrac potensialının və istehsal olunan malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə yerli istehsalı olmayan və istehsal prosesində istifadə olunan 300-ə yaxın aralıq mallar idxal gömrük rüsumlarından azad edilib. Ölkənin əsas ticarət tərəfdaşlarından olan Türkiyə ilə preferensial ticarət sazişinin əhatə dairəsi genişləndirilib.
Nazir bildirib ki, dövlət başçısının 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvanın sosial-iqtisadi inkişafına dair dövlət proqramı qəbul olunub və bundan irəli gələrək təfsilatlı tədbirlər planı təsdiq edilib. Dövlət proqramı üzrə bir sıra mühüm layihələrin icrasına başlanılıb ki, bu da bölgədə rifahın yüksəlməsinə, biznes fəaliyyətinin genişlənməsinə münbit şərait yaradacaq. Misal olaraq, cari ilin sentyabrında təməli qoyulmuş İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. Bir faktı da qeyd edim ki, cari ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Muxtar Respublika üzrə vergi daxilolmalarının 32,0%-dən çox artması qeydə alınıb ki, bu da bölgənin yüksək inkişaf potensialından xəbər verir.
İşğaldan azad edilmiş ərazilərdəki fəaliyyət
Nazir vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materialların ƏDV və gömrük rüsumlarından azad edilməsi, sahibkarlıq subyektlərinin mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən azad edilməsi sahəsində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin, habelə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmət tarifləri üzrə müvafiq güzəştlərin tətbiqi ilə bağlı işlərə start verilib. İşğaldan azad edilmiş ərazilərdə sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi proqramı çərçivəsində sahibkarlara verilən kreditlərin 90%-dək hissəsinin dövlət zəmanəti ilə təmin olunması, faizlərin isə 10% bəndinin subsidiyalaşdırılması nəzərdə tutulur. Bu ərazilərdə yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin formalaşdırılması üçün Ağdam rayonunda 190 ha sahədə Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda 200 ha ərazidə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb.
Nazir qeyd edib ki, 2022-2026-cı illər üzrə qəbul edilmiş sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində həyata keçirilməyə başlanmış bir çox islahatlar ölkə iqtisadiyyatında gələcək iqtisadi artım üçün yeni fundamentalların formalaşmasına yönəlib. Bu yeni təməl şərtlər cari strateji dövrün sonuna tam formalaşandan sonra növbəti strateji dövrlərdə daha yüksək iqtisadi artım templərini əldə etməyə imkan verəcək. Keçid dövründə isə başlıca vəzifəmiz qeyri-neft-qaz sektorunda iqtisadi artım templəri üzrə dünya iqtisadiyyatının artım templərindən ən azı geri qalmamaqdır. Düzdür, neft-qaz sektorunda gözlənilən və hələ ki, qaçılmaz görünən hasilat göstəriciləri iqtisadi artımın ümumi mənzərəsinə öz təsirini göstərəcək. Lakin, onu da qeyd edim ki, regionda baş verən son proseslər, o cümlədən ölkəmizin beynəlxalq nəqliyyat-tranzit və kommunikasiya qovşağında yerləşməsinin yaratdığı yeni imkanlar iqtisadi artımın sürətlənməsi üçün real amildir. Bu amilin tam miqyasda reallaşması iqtisadi artımın dinamikasına əlavə güclü təkan verə bilər. Məhz buna görə, bu imkanların reallaşdırılması istiqamətində Prezidentin müəyyən etdiyi yeni vəzifələrə uyğun olaraq hökumət tərəfindən sosial-iqtisadi inkişaf strategiyası ilə yanaşı digər əlahiddə tədbirlər də həyata keçirilir.
"Beləliklə, proqnozlar 3 ssenaridə - baza, optimist və pessimist ssenarilərdə hazırlanaraq büdcə tərtibi prosesində risklərin qiymətləndirilməsi üçün istifadə edilib. Büdcə zərfində əksini tapan makroiqtisadi proqnozlar baza ssenarisini ehtiva edir və həmin proqnozlarda dövlət büdcəsində olduğu kimi, neft qiyməti konservativ – 60 ABŞ dolları səviyyəsində götürülüb"-, deyə o qeyd edib.
Bildirilib ki, ortamüddətli dövrdə neft hasilatının 2022-ci ilin hasilat səviyyəsindən aşağı olacağı gözlənilir ki, bu da neft hasilatında əsas xüsusi çəkiyə malik Azəri–Çıraq–Günəşli (AÇG) yatağı üzrə hasilatın azalma fazasına keçməsi ilə əlaqədardır. Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı və proqnozlaşdırılan dövrdə 36 mlrd. m3-dən yüksək olacağı gözlənilir. Qeyd olunan amillər nəzərə alınaraq, neft-qaz sektoru üzrə ÜDM-in növbəti ildə 1,7%, 2024-2027-ci illərdə isə orta illik hesabla 1,8% azalacağı proqnozlaşdırılır.
İnflyasiya proqnozları...
Nazir diqqətə çatdırıb ki, baza ssenaridə ÜDM-in 2024-cü ildə 2,4%, 2024-2027-ci illərdə isə orta illik hesabla 2,9%, qeyri-neft-qaz ÜDM-nin növbəti ildə 4,6%, 2024-2027-ci illərdə isə orta illik hesabla 4,8% artacağı proqnozlaşdırılır. Təqdim olunan baza proqnozlarına əsasən qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2027-ci ildə 78%-i ötəcək. Dünya ərzaq bazarlarında qiymətlərin nisbətən aşağı düşəcəyi proqnozları və digər amillər nəzərə alınmaqla orta illik inflyasiyanın cari ildə 9,5%, 2024-cü ildə 5,3%, 2025-2027-ci illərdə isə 4-5% intervalında olacağı proqnozlaşdırılır.
"Neft-qaz sektorunda proqnozlaşdırılan hasilat və neft qiymətləri nəzərə alınmaqla tədiyə balansının cari hesab profisitinin ÜDM-ə nisbətinin 2024-cü ildə 6,2%, 2025-2027-ci illərdə isə orta hesabla 3%-dən bir qədər yuxarı olacağı proqnozlaşdırılıb"-, deyə nazir əlavə edib.