BAKI, 13 noyabr — Sputnik. Cari ildən başlayaraq, xarici fəaliyyətin və bizim səfirliklərin saxlanılması prosesləri tamamilə dəyişdirilib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Deputat bildirib ki, bu, şərait yaradacaq ki, səfirliklərimiz yeni prinsiplərlə fəaliyyət göstərsin: "Bu gün darmadağın olmuş Ermənistan Ordusu heç bir potensiala malik deyil. Amma Ermənistan bu gün bizə diplomatik müharibə elan edib. Biz bu müharibədə də qalib gələcəyik, çünki haqq bizim tərəfdədir. Bizim səfirliklərimizin təhlükəsizliyinin təmin edilməsi çox vacib məsələdir".
Deputat qeyd edib ki, bu gün Azərbaycan tək öz problemlərini həll etmir, həm də dünyanın problemlərini həll edir.