BAKI, 13 noyabr - Sputnik. "Azərbaycanda banklara yerləşdirilən əmanətlərin 73%-nin məbləği 30 min manata qədərdir".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"Bu sahədə fevral ayından bəri azalma müşahidə edirik", - deyə o qeyd edib.
"Bizi narahat edən digər bir məqam isə 1 ilə qədər müddətə yerləşdirilmiş əmanətlərin ümumi əmanətlərdə payının 81% təşkil etməsidir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzunmüddətli maraqları kifayət qədər deyil ki, aktiv şəkildə biznes kreditləri versinlər", - deyə sədr əlavə edib.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb. Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər.
2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir.
Əlavə edək ki, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2,5% müəyyən edilib
Qorunan əmanət sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.
Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
- bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
- üzərinə həbs qoyulmuş əmanətlər;
- cəlb edildiyi günə "Əmanətlərin sığortalanması haqqında" qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
- fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri.
Kompensasiya ödənişi prosesi
Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla ödənilir.