BAKI, 13 noyabr — Sputnik. Özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Bu barədə "Report"a onun vəkili Elnur Quliyev deyib.
O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və A.Babayev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Xatırladaq ki, A.Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.
İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib.
Təşkil etdiyi dini məclislərdə A.Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.
Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.
Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. Topladığı vəsaitlər hesabına A.Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, A.Babayev "ŞaurmaN1" restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.