BAKI, 12 noyabr - Sputnik. Banqladeşin baş naziri Şeyx Hasina Qəzza zolağında münaqişəyə son qoymaq üçün beş bənddən ibarət planı açıqlayıb. Bu barədə "Dhaka Tribune" məlumat yayıb.
Banqladeşin baş naziri İslam Əməkdaşlıq Təşkilatının Ər-Riyadda keçiriləcək 8-ci fövqəladə sammiti üçün hazırladığı videomüraciətdə öz planını təqdim edib.
Hasina dərhal atəşkəsə çağırır. O bildirir ki, müharibə ədalətsizdir, insan hüquqlarını və beynəlxalq humanitar hüququ amansızcasına pozur.
"İsrail amansızcasına hücum edir, xəstəxanaları və mülki infrastrukturu bombalayır və minlərlə fələstinlini, qadın və uşaqları öldürür", - Şeyx Hasina bildirib.
Şeyx Hasina "dağıdılmış Qəzzanın sakinləri üçün qida, su, dərman və digər həyati vacib resursların davamlı, sürətli və təhlükəsiz tədarükü üçün humanitar dəhlizin açılmasının təcili ehtiyacı adlandırıb.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət ölüm və dağıntı qarşısında donub qalıb.
Banqladeşin baş naziri vurğulayıb: "Biz tez hərəkət etməliyik, heç olmasa təhlükəsiz humanitar dəhliz yaratmaq üçün". O, həmçinin bildirib ki, evləri Qəzzada olan insanlar öz torpaqlarında dinc yaşaya bilməlidirlər.
Şeyx Hasina Fələstin-İsrail münaqişəsinin həlli üçün BMT-də razılaşdırılmış bütün qərarlara əməl etməyə çağırıb. O, həmçinin vurğulayıb ki, müsəlman dünyası Fələstinə dəstək üçün birləşməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.