DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da Baydenin böyük uğursuzluğundan danışırlar

Demokratlar Partiyasının siyasəti işləmir, hazırda inflyasiya, iqtisadiyyatımız fəlakətli həddədir, ölkəmizdə hər şey bahalaşır.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu, "Tramp" Təşkilatının vitse-prezidenti Erik Tramp 2024-cü il seçkilərində qalib gəlmək üçün əvvəlki seçki kampaniyalarına nisbətən daha yaxşı vəziyyətdə olduqlarını bildirib.
Onun sözlərinə görə, Tramp təqiblərə baxmayaraq, yenidən dövlət başçısı ola bilər.

“Əlbəttə, buna heç bir şübhə yoxdur. Trampın vəziyyəti indi daha yaxşıdır. İndiki ABŞ prezidenti Co Bayden uğursuzluğa düçar olub. Demokratlar Partiyasının siyasəti işləmir, hazırda inflyasiya, iqtisadiyyatımız fəlakətli həddədir, ölkəmizdə hər şey bahalaşır, biz tənəzzülün, III Dünya Müharibəsinin astanasındayıq”, - Erik Tramp qeyd edib.

2023-cü ilin yayında Trampa qarşı bir neçə cinayət işi açılıb. 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi, 2020-ci il seçkiləri və keçmiş ABŞ prezidentinin Mar-a-Laqo malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı ittiham irəli sürülüb.
Siyasətçi təqsirli olduğunu inkar edir, ona qarşı aparılan araşdırmaları hazırkı prezident Co Bayden administrasiyası tərəfindən siyasi təqib adlandırır. Mətbuatda yayılan məlumatlara görə, Tramp tərəfdarlarına xəbərdarlıq edib ki, onu bütün ittihamlar üzrə 561 il həbs gözləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.