BAKI, 11 noyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Rusiyanın Şimali Koreya ilə hərbi-texniki əməkdaşlıq etdiyinə dair ittihamlarını “əsassız” adlandırıb.
Bu barədə Zaxarovanın bəyanatı Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Rusiya XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, Qərbin ittihamları "highly likely" (hərfi mənada “yüksək ehtimal”) ruhunda formalaşıb.
“Rusiya öz beynəlxalq öhdəliklərini, o cümlədən Təhlükəsizlik Şurasının qətnamələrini məsuliyyətlə yerinə yetirir. Bu da bizim qonşularımızla, o cümlədən Şimali Koreya ilə qədim tarixi köklərə malik ənənəvi dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirməyimizə mane olmur”, - deyə o, vurğulayıb.
Bundan əvvəl Krım regional ictimai təşkilatının “Siyasi Maarif Mərkəzi”nin sədri İvan Mezyuxo deyib ki, Rusiya Federasiyası və Şimali Koreya suveren dövlətlər kimi istənilən mallarla ticarət etmək hüququna malikdir.
2009-cu ildə BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya silah tədarükünü qadağan edib. 2017-ci ildə BMT Təhlükəsizlik Şurası Şimali Koreya vətəndaşlarının xaricdə işləməsini, həmçinin Şimali Koreyadan kömür, dəmir, qurğuşun və dəniz məhsullarının idxalını, habelə BMT-yə üzv olan dövlətlərdən Şimali Koreyaya neft və neft məhsullarının ixracını qadağan edən qətnamələr qəbul edib.
Bu yaxınlarda Kim Çen In Rusiyanın Sakit Okean donanmasını Asiyada və dünyada təhlükəsizliyin təminatı adlandırıb.