BAKI, 11 noyabr - Sputnik. Rusiya Müdafiə Nazirliyinin iki xüsusi təyyarəsi Kabilə Rusiya hökuməti və Moskvadakı Əfqan işgüzar mərkəzi adından təxminən 40 ton humanitar yardım çatdırıb.
Bu barədə Rusiya mediası xəbər verib.
“Rusiya Herat şəhərində bu yaxınlarda baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş dost Əfqanıstan xalqına humanitar yardım göstərməkdə davam edir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin məlumatına görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib. Zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb, 9 000-dən çox insan yaralanıb.