BAKI, 10 noyabr - Sputnik. Masallıda narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən verilən məlumata görə, Masallı rayon sakini Elvin Məmmədov idarə etdiyi "Kia" markalı avtomobillə axşam saatlarında Masallı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədib.
Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.
E.Məmmədov barəsində toplanan material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.