BAKI, 8 noyabr - Sputnik. Üç il əvvəl bu gün... Milyonlarla azərbaycanlı mavi ekranların qarşısına kilidlənərək Ali Baş Komandanın xalqa müraciətini səbirsizliklə gözləyirdi. Hər kəsin ürəyində bir həyəcan, növbəti qələbənin həsrəti var idi. Xalqımız Şuşanın əsarətdən qurtuluş xəbərini gözləyirdi.
Şəhidlər xiyabanından xalqa səslənən Prezident İlham Əliyev “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” deməsi ilə dünya azərbaycanlılarını ayaq üstə qaldırdı. Küçələrə axışan insanlar ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlara öz ehtiramlarını bildirdi, bir-birinə sarılaraq gözaydınlığı verdilər. Şuşanın Azərbaycan Ordusunun nəzarətinə keçməsindən sonra düşmən ağ bayraq qaldırmağa, kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı müvafiq Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Bu gün dünya azərbaycanlıları Şuşanın azad olunmasının tarixi Zəfərin üçüncü ildönümünü qeyd edir. Azərbaycan xalqı bu yolda 2900-dan çox övladını qurban verdi. Bu gün xalqımız Qələbənin sevinci və qəhrəman oğulların dünya hərb tarixinə düşən şücaəti ilə öyünərək bayram edir. Budəfəki Zəfər isə bir başqadır. Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda keçirdiyi və 24 saat tamam olmadan yekunlaşdırdığı lokal antiterror tədbirləri nəticəsində dünya möhtəşəm Zəfərin sədasını bu dəfə Xankəndidən, Xocalıdan, Ağdərədən, Xocavənddən aldı. Tarixi Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə ucaldılan üçrəngli bayrağımız Zəfərin təntənəsini bir az da yüksəltdi. Azərbaycan xalqı növbəti dəfə hər kəsə öz torpağından bir qarışını belə düşmənə güzəştə getmədiyini və heç zaman da getməyəcəyini nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, xalqımız möhtəşəm Zəfər Gününün üçüncü ildönümünü haqq savaşımızın fədailərini anaraq qeyd edir. Uşaqdan böyüyə hər kəs Birinci və İkinci Şəhidlər, o cümlədən İkinci Fəxri xiyabana axışaraq suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiramını bildirir, onlara bir daha minnətdarlığını ifadə edir.