İNFOQRAFİKA

Vətən Müharibəsi və ya "Dəmir yumruq" əməliyyatı

Əvvəllər təqvimdə adi günlərdən biri olan noyabrın 8-i ordumuzun erməni işğalçıları üzərində əldə etdikləri möhtəşəm qələbədən sonra Azərbaycan xalqı üçün ən əlamətdar tarixlərdən birinə çevrildi.
Sputnik
2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar qəbul olunub. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrdan etibarən qismən səfərbərlik elan olunub. Daha sonra döyüşlərin aktivləşməsi nəticəsində qarşıdurma İkinci Qarabağ müharibəsinə çevrilib.
Ermənistanla 44 gün davam edən müharibə müddətində Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı və nəhayət, noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edib.
Rusiyanın paytaxtı Moskva şəhərində imzalanan üçtərəfli müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi bəyan olunub.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları Azərbaycanın nəzarətinə qayıdıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyətini nəzərə alaraq hər il noyabrın 8-də ölkəmizdə Zəfər Gününün təntənəli şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb.
Bu gün hər birimiz bu şanlı qələbəni bizə yaşadan Azərbaycanın şəhid əsgərlərinin ruhu qarşısında baş əyirik!